A

“Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Baker Tilly Audit Azərbaycan” şirkəti tərəfindən tələbələr üçün “Ekoloji söhbətlər” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi olduğunu vurğulayıb.

“Baker Tilly International” şəbəkəsinin üzvü olan, Azərbaycan bazarında 16 ildən artıq uğurla fəaliyyət göstərən və hazırda ölkənin mühasibatlıq, audit və maliyyə-biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınan “Baker Tilly Audit Azərbaycan” şirkətinin əməkdaşları Günel Abbasova, Şəhla Eldarlı və İsmayıl Məsimov çıxış edərək, BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Dayanıqlı inkişaf məqsədlərinin əhəmiyyətindən danışıblar. Şirkət nümayəndələri Azərbaycanda iqlim dəyişmələri və onların mənfi təsirlərinə qarşı effektiv işlərin və yaşıl keçid istiqamətində məqsədyönlü tədbirlərin aparıldığını vurğulayıblar. COP29-un nəticələrinin ekoloji təsirlərin azalmasına, iqlim dəyişmələri ilə mübarizədə yüksək nəticələrin əldə olunmasına və geniş ictimai iştiraka gətirib çıxaracağını qeyd ediblər.

Seminarın sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR