UNEC Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Məişət zorakılığı və ona qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
Psixoloji Xidmət Mərkəzinin rəhbəri dosent Şəfahət Abdullayeva və psixoloq Küşvər Abdullayeva çıxış edərək, tələbələrə məişət zorakılığı, onun növləri və subyektləri, zorakılığın formaları, cəmiyyətdə və məişətdə qadın zorakılığı barədə ətraflı məlumat veriblər, məişət zorakılığının qarşısının alınması və bu sahədə preventiv tədbirlərin görülməsi, zorakılığa yol verilməməsinin təşviqi üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi zəruriliyindən danışıblar.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.