A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının Marketinq ixtisası üzrə III kurs tədqiqatçı tələbəsi Qara Qarayev, akademik və pedaqoji fəaliyyəti ilə yüksək nailiyyətlər əldə edib.

Elmi-tədqiqat fəaliyyətinə 2023-cü ildə universitetə qəbul olduğu dövrdən başlayan Q.Qarayev, “Menecment” fənni üzrə seminar dərslərinin effektiv təşkili üçün nəzərdə tutulmuş nümunəvi intellektual oyunlardan ibarət köməkçi dərs vəsaiti hazırlayıb. Rəhbərlik tərəfindən yüksək qiymətləndirilən və nəşr olunan həmin kitab hazırda UNEC Zaqatala filialının kitabxanasında oxucuların istifadəsindədir.

Gənc tədqiqatçı təhsil aldığı müddətdə İKT, Qiymətləndirmə və Elektron lövhə kurslarında iştirak edərək sertifikatlar əldə edib. O, 2025-ci ilin may ayında keçirilən elmi-praktiki konfransda fəal iştirakına görə təltif olunmuş və 2025–2026-cı tədris ilində Tələbə Elmi Cəmiyyətinin üzvü seçilmişdir.

Qara Qarayev təhsil almaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. O, 2024–2025-ci illərdə “İSİM” Karyera və Psixologiya Layihəsi çərçivəsində fəaliyyət göstərib. Onun dərs dediyi şagirdlər respublika üzrə keçirilən imtahanlarda yüksək nəticə göstəriblər. İki il ərzində şagirdlərinin göstəricilərini yüksəldən gənc müəllim, ucqar bir kənd məktəbini reytinq cədvəlində rayon üzrə 3-cü yerə çatdırmağa nail olub. Bu xidmətlərinə görə ona “Fəal layihə müəllimi” və “İlin müəllimi” adları verilib.

Hazırda Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən qeydiyyata alınan Q.Qarayev, ibtidai siniflərdə “Rəqəmsal” fənninin tədrisi üzrə ixtisaslaşma kursuna cəlb olunub. Onun cari tədqiqat işi rəqəmsal təhsil mövzusuna, xüsusilə şagirdlərin erkən yaşlardan kompüter elmləri və rəqəmsal bacarıqlara yiyələnməsi mexanizmlərinin öyrənilməsinə həsr edilib.

UNEC kollektivi tələbəsini bu uğurları münasibətilə təbrik edir və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay