ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində “IV Aqrar İnnovasiya və Startaplar Forumu” keçirilib.
Forumda Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, akselerasiya və inkubasiya mərkəzlərinin təmsilçiləri, investorlar, aqrar startapçılar, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər iştirak ediblər.
IV Aqrar Startaplar və İnnovasiya Forumunda aqrar startapçıların, akselerasiya və inkubasiya mərkəzlərinin, eləcə də özəl sektor nümayəndələrinin təqdim etdiyi innovativ həll və texnologiya nümunələri sərgilənib.
UNEC forumda 3 startap layihə ilə iştirak edib: “Fermerin Dostu” (fermerlər üçün nəzərdə tutulmuş mobil tətbiq), “Farmetrix” (iqlim monitorinq sistemi) və “Farmetrix” (torpağın fiziki-kimyəvi tərkibini ölçən süni intellekt əsaslı avadanlıq).
Kənd təsərrüfatında rəqəmsal həllərin tətbiqi, məhsuldarlığın artırılması, iqlim və torpaq göstəricilərinin dəqiq analizinin aparılması kimi aktual istiqamətləri əhatə edən UNEC startapları forum iştirakçılarının xüsusi marağına səbəb olub. Layihələr innovativ yanaşması və praktik tətbiq imkanları ilə seçilərək mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
UNEC tələbələri forumun panel müzakirələrində fəal iştirak edərək kənd təsərrüfatında süni intellektin tətbiqi, aqrar sahədə rəqəmsallaşma və innovativ startapların rolu ilə bağlı fikir mübadiləsi aparıblar.
Forum çərçivəsində Aqrar İnnovasiyalar Mərkəzi tərəfindən mentorluq dəstəyi proqramını uğurla başa vurduğuna görə UNEC-in “Fermerin Dostu” startap komandasının üzvləri sertifikatla təltif ediliblər. Layihə AİM-in inkubasiya proqramına dəvət qazanaraq inkişafının növbəti mərhələsinə keçib.