UNEC-də təhsil alan əcnəbi tələbələrin universitet mühitinə inteqrasiyasını dəstəkləmək, dil bacarıqlarını inkişaf etdirmək və mədəniyyətlərarası ünsiyyəti təşviq etmək məqsədilə “Language Exchange Club (AZ–EN–RU)” layihəsinə start verilib.
Layihə çərçivəsində Azərbaycan, ingilis və rus dilləri üzrə danışıq klublarının təşkili nəzərdə tutulur. İlk mərhələdə ingilis dili üzrə danışıq klubu keçirilib. Danışıq klubu Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı çərçivəsində UNEC Biznes Məktəbində təhsil alan Keniya vətəndaşı Samson Baraka tərəfindən aparılıb.
İnteraktiv formatda təşkil olunan danışıq klubu zamanı tələbələr ingilis dilində danışıq bacarıqlarını inkişaf etdirmək, gündəlik ünsiyyət mövzuları üzrə praktiki biliklər əldə etmək və müxtəlif ölkələrdən olan tələbələrlə fikir mübadiləsi aparmaq imkanı qazanıblar.
Qeyd edək ki, “Language Exchange Club (AZ–EN–RU)” layihəsinin növbəti mərhələlərdə də mütəmadi şəkildə davam etdirilməsi planlaşdırılır.