2024-2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının “Sudan səmərəli istifadənin təşviq edilməsi” məqsədinə uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Su təhlükəsizliyi və ekoloji məsuliyyət: gələcəyin resurslarının qorunması” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, son illərdə iqlim dəyişiklikləri, urbanizasiya və artan istehlak fonunda su ehtiyatlarının sürətlə azalmasının qlobal təhlükəsizlik məsələsinə çevrildiyini vurğulayıb, su resurslarının qorunmasının artıq yalnız ekoloji deyil, həm də iqtisadi sabitlik, ərzaq təhlükəsizliyi və dayanıqlı inkişaf baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib, müasir dövrdə “yaşıl iqtisadiyyat”, ekoloji məsuliyyət və resurslardan səmərəli istifadə anlayışlarının gənclərin düşüncə tərzinin ayrılmaz hissəsinə çevrilməsinin vacibliyini diqqətə çatdıraraq gələcəyin mütəxəssislərinin su təhlükəsizliyi və ekoloji davamlılıq məsələlərinə daha həssas və məsuliyyətli yanaşmasının zəruriliyini xüsusi vurğulayıb.
Sonra “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti İlqar Xəlilov çıxış edərək müasir dövrdə su təhlükəsizliyi məsələsinin yalnız ekoloji deyil, həm də sosial idarəetmə və iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıdığını bildirib, dünya miqyasında artan su qıtlığının dövlətlərin sosial-iqtisadi siyasətinə ciddi təsir göstərdiyini qeyd edib, eyni zamanda dayanıqlı inkişaf məqsədləri çərçivəsində su ehtiyatlarının səmərəli idarə olunmasında innovativ yanaşmaların, rəqəmsal texnologiyaların və ictimai məsuliyyət prinsipinin rolundan bəhs edərək gənclərin ekoloji düşüncə tərzinin formalaşdırılmasının və resurslardan məsuliyyətli istifadə mədəniyyətinin təşviq edilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.