Sentyabrın 25-də UNEC rektoru, professor Ədalət Muradov Maliyyə və mühasibat fakültəsinin I kurs tələbələrilə görüşüb.
Tələbə adını qazanması münasibəti ilə I kursları təbrik edən rektor, UNEC-i seçdikləri üçün onlara təşəkkürünü bildirib, təhsillərində uğurlar arzulayıb.
Tanınmış iqtisadçı Adam Smitin “Cəmiyyətin sərvəti fərdlərin sərvətindən formalaşır” fikrini səsləndirən rektor, hər bir gəncin fərd olaraq qazanacağı sərvətin onların bilik və bacarığı kimi səciyyələndirib. O, tələbələrə tədris müddətində bu bacarıqlarını inkişaf etdirmək üçün maksimum çalışmağı tövsiyə edib. Onları savadlı olmaqla yanaşı, təşəbbüskar olmağı da səsləyən UNEC rektoru İnnovativ Biznes İnkubatoru (İBİ) barədə tələbələrə məlumat verib. Bildirib ki, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bu ildən etibarən ölkədə açılacaq bütün Sənaye Məhəllələrində UNEC İBİ fəaliyyət göstərəcək. Bu da UNEC tələbələrinin nəzəri biliklərlə yanaşı, praktiki biliklərinin də formalaşmasına öz töhfəsini verəcək.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək məqsədilə
ölkənin təhsil tarixində ilk dəfə UNEC-də start verilən Universitet Daxili İki Diplom (UDİD) proqramı barədə ətraflı məlumat verən Ə.Muradov 4 ilə 2 diplom qazanmağın tələbələrin rəqabətədavamlı mütəxəssis kimi hazırlanmalarında, əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaqda böyük əhəmiyyəti olacağını vurğulayıb.
Keyfiyyətli təhsilin təməlində zəngin kitabxananın dayandığını bildirən Ə.Muradov 2017-ci ilin sonuna qədər UNEC-də 7 gün 24 saat fəaliyyət göstərəcək müasir standartlara cavab verən kitabxananın tələbələrin istifadəsinə veriləcəyini bildirilib.
Tələbə cəmiyyətinin öz-özünü idarə edə bilən cəmiyyət olmasına diqqət çəkən rektor, UNEC-də həyata keçiriləcək “Tələbə senatı” və “Tələbə auditi” layihələrindən söz açıb. O, ölkədə tələbə rektorun fəaliyyət göstərdiyi yeganə ali təhsil ocağının UNEC olduğunu bildirərək, tələbə rektor Cabbar Hüseynlini I kurslara təqdim edib.
Görüşün sonunda rektor I kurs tələbələrini maraqlandıran sualları cavablandırıb.