UNEC-də Startap Günlərinə start verilib.
Açılış mərasimində UNEC-in İqtisadi məsələlər üzrə prorektoru Mikayıl Zeynalov bildirib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində təşkil edilən Startap Günlərinin keçirilməsində məqsəd yeni startapların yaradılmasına və internet biznesin inkişafına təkan verməkdir. Eyni zamanda, milli startap infrastrukturunu inkişaf etdirmək və tələbələrə bu istiqamətdə metodiki dəstək göstərmək də layihənin prioritetləri sırasındadır.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Startap Azərbaycan Təşkilatının həyata keçirdiyi işlərdən, Startap Günlərinin əhəmiyyətindən danışıb. O, tələbələrə öz ideyalarını formalaşdırmaq üçün vacib olan məqamları izah edib.
Tədbirdə bildirilib ki, iki gün davam edəcək Startap Günlərində UNEC-in tələbələrinin yerli startap sahibləri, tanınmış ekspert və nüfuzlu İT şirkətlərinin rəhbərləri ilə görüşləri təşkil ediləcək. Tələbələrə startapların təqdim edilməsi, layihələrin ilkin versiyalarının və prototiplərinin hazırlanması mövzusunda təlimlər keçiriləcək.
Startap Günlərində tələbələrin biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının müsabiqəsi də reallaşacaq. Tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıraraq, mentor və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda öz layihələrini təqdim etməklə yarışmaya qatılan tələbələrin ideyalarını peşəkar münsiflər heyəti qiymətləndirəcək.
Startap Günləri sabah da davam edəcək.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, UNEC və Startap Azərbaycan Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən Startap Günləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə reallaşır.