A

UNEC Dizayn Məktəbində "İnsan alverinə və narkomaniyaya qarşı mübarizə" mövzusunda tələbələrlə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dizayn kafedrasının professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Qonaq qismində Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis kapitanı Fəxrəddin Nəsirov və Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi polis mayoru Nəbi Nəcəfov iştirak ediblər.

Tədbiri UNEC Dizayn məktəbinin direktoru, dosent Lalə Məmmədova açaraq, narkomaniya, narkotik tərkibli maddələrdən istifadə, onların istehsalı, ticarəti, törətdiyi fəlakətlər yüz illər boyunca olduğu kimi, XXI əsrdə də bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli qlobal problemlərdən biri olduğunu diqqətə çatdırıb. Lalə Məmmədova daha sonra bu problemin davam etdiyini, narkotika təhlükəsi artdıqca onunla mübarizə zərurətini aktuallaşdığını, narkotiklərdən sui-istifadəsinin və onların qanunsuz dövriyyəsinin son onilliklərdə daha çox qlobal miqyas almasını və cəmiyyətdəki sosial-psixoloji mühitə, iqtisadiyyata, siyasətə və qanunun aliliyinə mənfi təsir göstərdiyini bildirib.

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə  Mübarizə Bölməsinin rəisi, polis kapitanı Fəxrəddin Nəsirov çıxışında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran qlobal problemlərdən olduğunu, Azərbaycanda uzun illər ərzində narkomaniyaya və insan alverinə qarşı ciddi mübarizə tədbirlərinin görüldüyünü, ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa da töhfə verdiyini söyləyib.

Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi, polis mayoru Nəbi Nəcəfov gənclər arasında düzgün təlim-tərbiyə işlərinin aparılmasının, onların gələcəkdə başlarına gələcək fəsadlardan qorunmasında, “ağ ölüm” adlandırılan mübarizənin aparılmasında polisin tutduğu mövqedən və bilavasitə valideynlərin üzərinə düşən məsuliyyətdən danışıb. Bu fəsadların aradan qaldırılması üçün ailə, polis və təhsil ocaqlarının birliyinin olmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə III kurs tələbələri Kamila Hüseynova və Aişə Eminbəyli "İnsan alverinə və narkomaniyaya qarşı mübarizə" mövzusunda maarifləndirici təqdimatla çıxış ediblər.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay