UNEC-də professor-müəllim heyəti üçün növbəti qış məktəbinə start verilib.
UNEC-in akademik heyətinin elmi və pedaqoji potensialının yüksəldilməsi məqsədilə ənənəvi olaraq hər il təşkil edilən qış məktəbi bu dəfə “Tədris materiallarının keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması” mövzusuna həsr olunub. UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan qış məktəbində dünyanın nüfuzlu universitetlərinin alimləri – ABŞ-ın Leigh Universitetinin professoru Jill Sperandio, Fransanın Lyon Universitetinin müəllimi Jennifer Veillon və Türkiyənin İstanbul Universitetinin professoru Sedat Murat təlimlər keçirirlər.
Qış məktəbində UNEC-in yüzdən çox müəlliminə dərs vəsaitləri və mühazirə standartlarının hazırlanması, sillabusların təkmilləşdirilməsi, tədris və iş etikası, dərs prosesində simulyasiya (case study) və nümunəvi təhlil metodlarından istifadə qaydaları barədə ətraflı məlumat veriləcək, bu istiqamətdə Avropa təcrübəsi paylaşılacaq. Alimlərin keyfiyyətli tədqiqat apara bilmələri üçün onlara keyfiyyət, kəmiyyət və kompleks metodlar arasındakı fərqlər göstəriləcək, tədqiqat zamanı hədəf auditoriyaların nəzərə alınması, nüfuzlu beynəlxalq elmi mətbuatda məqalələrin dərc edilməsi prosesi, onlayn məlumat bazaları və vizual təqdimat imkanlarından istifadə qaydaları açıqlanacaq.
Beş gün davam edəcək qış məktəbini uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim ediləcək.