A

3-7 fevral tarixlərində UNEC əməkdaşları Erasmus+ mübadilə proqramı çərçivəsində İspaniyanın Malaqa Universitetində keçirilən Beynəlxalq heyət həftəsində iştirak hüququ qazanıb.

Tədbirdə Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dos. Elman Cəfərov, Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) direktoru dos. İnarə Rzayeva, Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Gültac Tahirli, “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müəllimi İbrahim Niftiyev iştirak edib.

Proqramın ilk günündə Malaqa Universitetinin Beynəlxalq heyət həftəsinin koordiantorları ilə görüş keçirilib, iştirakçıların təqdimetmə və şəbəkələşmə tədbiri baş tutub. Tədbirin ikinci hisəssində Malaqa şəhərinin meri Francisco de la Torre tədbir iştirakçılarını qarşılayıb və şəhərin iqtisadi potensialında oxşar beynəlxalq həftələrin rolunu və gələcək üçün əməkdaşlıqlara dair çağırışlar edib.

Tədbirin növbəti günlərində iştirakçılara ERASMUS+ proqramının müxtəlif fəaliyyət növləri, Malaqa şəhərinin infrastrukturu, mədəni-tarixi irsi və mətbəxi haqqında ətraflı məlumat verilib və vörkşoplar keçirilib. Proqramın sonuncu günündə isə, Malaqa Universitetinə kampus turu təşkil edilib, univeristetin Turizm fakültəsinin binası, İdman kompleksi və Ümumi kitabxanasına ekskursiya təşkil olunub.

Beynəlxalq heyət həftəsi yekunlaşdıqdan sonra, UNEC nümayəndələrinin təşəbbüsü ilə Malaqa Universitetinin İqtisadiyyat və Biznesin idarə edilməsi fakültəsinin dekan müavini Amalia Morales Zumaquero ilə görüş keçirilib. Görüşdə fakültənin fəaliyyət mexanizmi, strukturu ilə yaxından tanış olunub, habelə fakültələrarası potensial əməkdaşlıq imkanları müzakirə olunub.

TOP XƏBƏRLƏR