UNEC beynəlxalq əməkdaşlıq çərçivəsində daha bir yeniliyə imza atıb.
Belə ki, Özbəkistan Respublikasının orta məktəb müəllimləri üçün xüsusi hazırlanmış intensiv təlim proqramı təşkil edilib. Proqramın əsas məqsədi Rəqəmsal UNEC təcrübəsini, müasir tədris modellərini və innovativ pedaqoji yanaşmaları özbəkistanlı müəllimlərə təqdim etmək olub.
Proqramın ilk günündə UNEC-ə səfər edən 26 nəfərlik nümayəndə heyəti universitetin infrastrukturu, rəqəmsal ekosistemi və təhsil mühiti ilə yaxından tanış olub. Sonra məlumatlandırma və şəbəkələşmə sessiyasında qonaqlara Rəqəmsal UNEC-in beynəlxalq nailiyyətləri, təhsil üstünlükləri, bilik və bacarıq əsaslı yanaşmaları, həmçinin xarici tələbələr üçün yaradılan imkanlar barədə geniş təqdimat edilib.
Beş gün davam edən intensiv proqram şərçivəsində UNEC-in Təhsil və Təlimin Mükəmməlliyi şöbəsinin müdiri Sənubər Səfiyeva və şöbənin əməkdaşları tərəfindən təlimlər təşkil olunub. Təlimlər müasir tədris metodları, beynəlxalq təhsil təcrübələri, rəqəmsal alətlərdən istifadə, süni intellektin dərs prosesinə inteqrasiyası, aktiv öyrənmə modelləri, müəllim liderliyi və sinif idarəetməsi kimi mövzular əhatə edib. Eyni zamanda interaktiv müzakirələr, real situasiyaların təhlili, praktiki tapşırıqlar və qrup işləri ilə zənginləşdirilib. Qonaqlar həmçinin geniş şəbəkələşmə imkanlarından yararlanıblar.
Proqramın son günündə UNEC-in rektoru, professor Ədalət Muradov özbəkistanlı müəllimlərlə görüşərək universitetin beynəlxalq əməkdaşlıq siyasəti barədə məlumat verib. Rektor UNEC-in qabaqcıl pedaqoji yanaşmalarının paylaşılmasının regional müəllimlərin inkişafına mühüm dəstək olduğunu vurğulayıb, bu kimi təşəbbüslərin təhsil sahəsində tərəfdaşlığı daha da gücləndirdiyini qeyd edib.
Özbəkistanlı müəllimlər UNEC-də təşkil olunan təlim proqramını yüksək qiymətləndirərək göstərilən diqqət və peşəkar dəstəyə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sonda iştirakçı müəllimlərə UNEC tərəfindən sertifikatlar təqdim olunub.