7–14 iyun tarixlərində UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsi və Türkiyənin NICHE şirkətinin birgə təşkilatçılığı ilə Özbəkistanın müxtəlif ali təhsil müəssisələrini təmsil edən müəllimlər üçün təşkil olunan intensiv təlim proqramı uğurla başa çatıb.
Proqramın açılış mərasimində Layihələrin idarə olunması şöbəsinin müdiri Gültac Tahirli iştirakçıları salamlayaraq təlim proqramı barədə ətraflı məlumat verib və onlara uğurlu, səmərəli təlim keçmələrini arzulayıb. O, UNEC-in beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin universitetin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, bu cür təşəbbüslərin təcrübə və bilik mübadiləsinə mühüm töhfə verdiyini qeyd edib.
Bir həftə davam edən proqram çərçivəsində iştirakçılar süni intellektin tədrisdə tətbiqi, inklüziv təhsil, akademik tədqiqatların təşkili, layihələrin idarə olunması, effektiv kommunikasiya və təhsil psixologiyası kimi mövzular üzrə nəzəri və praktiki biliklər əldə ediblər. Həmçinin “Scopus” və “Web of Science” bazalarında tədqiqat aparılması, ədəbiyyat icmalının hazırlanması və metodologiyanın seçilməsi istiqamətində bacarıqlar qazanıblar. Təlimlər zamanı müasir pedaqoji yanaşmalar, yumşaq bacarıqlar və rəqəmsal texnologiyaların təhsildə tətbiqi məsələlərinə xüsusi diqqət yetirilib.
Proqramın həyata keçirilməsində UNEC-in müxtəlif struktur bölmələrinin nümayəndələri və akademik heyəti iştirak edib. Təlimlər universitetin təcrübəli müəllim və mütəxəssisləri tərəfindən aparılıb.
Eləcə də təlimdə qonaqlar üçün UNEC-in 3 saylı tədris binasına ekskursiya təşkil olunub. İştirakçılar universitetin müasir infrastrukturu, kitabxanası, laboratoriyaları və kompüter otaqları ilə tanış olub, həmçinin Dizayn Məktəbi tələbələrinin yaradıcılıq işlərinə baxıblar.
Təlim proqramının son günündə UNEC-in Tədris işləri üzrə prorektoru dosent Gəray Musayev iştirakçıları proqramı uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.