A

UNEC-də 3 yeni ikili diplom proqramının təqdimatı keçirilib.

Tədbirdə UNEC-in müvafiq struktur rəhbərləri ilə birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələri, təhsil üzrə ekspertlər və digər ali təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb. Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə uyğunlaşdırılmasının və yeni təhsil mühitinin yaradılmasının Dövlət Proqramının əsas hədəflərindən olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə ölkədə həyata keçirilən tədbirlərdən söz açan nazirlik rəsmisi UNEC-in ikili diplom proqramlarına diqqət çəkib. O, UNEC-in ölkənin ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının sayına görə lider olduğunu vurğulayıb.

Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri və Fransa-Azərbaycan İnstitutunun direktoru Johan Schittererin Fransa dövlətinin ikili diplom proqramları istiqamətində məqsədyönlü strategiyasının olduğunu bildirib. UNEC-in Montpellier Universiteti ilə uğurlu ikili diplom proqramı reallaşdırdığını diqqətə çatdıran səfirlik rəsmisi proqramın əhəmiyyətindən danışıb. O, proqramda iştirak edən UNEC tələbələrinin potensialının çox yüksək olduğunu və ən yaxşı nəticələr göstərdiklərini deyib.

Tədbirdə UNEC-in ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramı reallaşdırması münasibətilə Linkoln Universitetinin rektorunun təbrik videoçarxı nümayiş olunub.

UNEC-in Fransanın iki aparıcı universiteti ilə ikili diplom proqramı reallaşdırdığını bildirən tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev bu istiqamətdə Fransa səfirliyi tərəfindən UNEC-ə hər zaman dəstək göstərildiyini qeyd edib. A.Rzayev yeni tədris ilindən reallaşdırılacaq 3 yeni ikili diplom proqramı barədə təqdimatla çıxış edib. O, Fransanın Paris şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbi ilə bakalavr, ABŞ-ın Linkoln Universiteti və Fransanın Montpellier Universitetil ilə MBA və magistratura pilləsi üzrə  ikili diplom proqramlarının şərtlərini açıqlayıb.

Tədbirdə bildirilib ki, UNEC Fransanın Montpellier Universiteti, İsveçrənin UBİS (Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti) Universiteti ilə ikili diplom proqramları reallaşdırır. Rusiyanın Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə isə ikili diplom proqramı artıq yekun mərhələsindədir. Ötən il Montpelier Universitetindən UNEC-in 5 tələbəsi, bu il isə 13 tələbəsi məzun olub. Magistr pilləsi üzrə İsveçrənin UBİS Universitetindən məzun olan UNEC-in 4 magistrinə diplomlar təqdim olunub.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb. 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay