Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda yer alan nəşrlər əsasında həm ənənəvi, həm də virtual kitab sərgisi hazırlanaraq istifadəçilərə təqdim edilib.
Virtual sərgidə Ulu Öndərin zəngin həyat yolu, çoxşaxəli siyasi fəaliyyəti, dövlətçilik ideyalarının formalaşması və inkişafı, Azərbaycanın iqtisadi-sosial yüksəlişi, beynəlxalq arenada tanınması və müasir dövlət quruculuğundakı rolu barədə geniş ədəbiyyat toplusu nümayiş etdirilir.
Sərgidə ümumilikdə 128 adda kitab təqdim olunur. Ekspozisiyada Heydər Əliyevin nitq və çıxışlarını əks etdirən nəşrlər, siyasi irsinin tədqiqatına həsr edilmiş fundamental əsərlər, həyat yolunu araşdıran monoqrafiyalar, müxtəlif inkişaf mərhələlərini işıqlandıran analitik kitablar və foto-albomlar yer alır.
Virtual sərgi ilə yanaşı, UNEC-də hazırlanan ənənəvi sərgi də təhsilalanlar tərəfindən maraqla qarşılanıb.