A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Yunus Emre İnstitutu Azərbaycan, Türk Dünyası İqtisad fakültəsi və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə “Sənət həftəsi” tədbir-sərgisi keçirilib.

Tədbiri giriş sözü ilə açan Məktəbin direktoru, dosent Lalə Məmmədova bildirib ki, “Sənət həftəsi” həm yaradıcılıq mühitini zənginləşdirir, həm də müxtəlif mədəniyyətlər və ideyalar arasında körpü rolunu oynayır. Qeyd edib ki, universitetlər yalnız bilik ötürən təhsil müəssisələri deyil, həm də yeni ideyaların formalaşdığı, yaradıcı düşüncənin inkişaf etdiyi və cəmiyyətin mədəni-intellektual inkişafına töhfə verən mərkəzlərdir. Bu baxımdan incəsənət və dizayn sahəsində keçirilən tədbirlər akademik mühitin zənginləşməsi, tələbələrin yaradıcılıq potensialının inkişafı və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır.

Sonra Yunus Emre İnstitutu Azərbaycan koordinatoru Gökhan Seyhan çıxışında universitetləri yaradıcılıq və düşüncənin inkişaf etdiyi mühüm məkanlar kimi qiymətləndirib. Bildirib ki, sənət vasitəsilə ortaq mədəniyyətimiz yaşadılır, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri mədəniyyət və incəsənət sayəsində daha da möhkəmlənir.

Sərgidə Yunus Emre İnstitutu tərəfindən təqdim olunan cini qablar, xəttatlıq nümunələri və miniatür əsərləri, eləcə də Məktəbin tələbələrinin əl işləri və rəsm əsərləri böyük maraqla izlənilib.

Sonda dizayn sahəsində (Ebru sənəti, Miniatür sənəti, Xəttatlıq) master-klasslar keçirilmiş, Türk ədəbiyyatına dair kitablar isə müəllim və tələbələrə hədiyyə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay