Oktyabrın 25-də Türk Standartları İnstitutunun auditorları Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Müvafiq struktur bölmələrinin rəhbər və nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektor Damət Bağırov bildirib ki, artıq bir neçə ildir Türk Standartları İnstitutunun auditorları ISO standartlarına uyğun olaraq, UNEC-də keyfiyyəti idarəetmə sisteminin təkmilləşdirilməsi, bütün struktur bölmələri, mərkəz, fakültə və kafedraları üzrə keyfiyyəti idarəetmə sisteminin icra sənədlərinin auditini həyata keçirir. D.Bağırov əməkdaşları audit prosesində fəal olmağa dəvət edib.
Türk Standartları İnstitutunun auditoru Həsən Dəmirtaş audit prosesi barədə iştirakçılara məlumat verib. Bildirib ki, audit prosesi üç gün davam edəcək. Daxili audit zamanı struktur vahidləri üzrə müşahidə olunan məlumatlar ümumiləşdirilərək, daxili audit barədə yekun hesabat hazırlanacaq və universitet rəhbərliyinə təqdim olunacaq. Auditin son günü universitet rəhbərliyi və əməkdaşlarının iştirakı ilə keçirilən yekun iclasda, auditin nəticələrinə dair qərar veriləcək.
Qeyd edək ki, UNEC ilk dövlət universitetidir ki, ISO 9001:2008 KİS üzrə beynəlxalq sertifikatına layiq görülüb.