Noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı münasibətilə videokonfrans keçirilib. Əvvəlcə filialın yeni kompleksi əks olunan videoçarx nümayiş etdirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov hər iki ölkə prezidentinin həyata keçirdiyi uğurlu siyasətin Azərbaycan – Rusiya münasibətlərinin hərtərəfli inkişafına zəmin yaratdığını bildirib.
Rektor İqtisadi Universiteti barədə ətraflı məlumat verərək, bildirib ki, ötən il rebrendinq nəticəsində UNEC brendi patentləşdirilib. QS reytinq agentliyinin göstəricilərinə görə, UNEC Şərqi Avropanın və Mərkəzi Asiyanın ən yaxşı iqtisadyönümlü universitetləri arasında dördüncü yerə yüksəlib. UNEC tələbə sayına görə Cənubi Qafqazda iqtisadyönümlü ən böyük ali təhsil ocağıdır. Burada 18 mindən çox tələbə Azərbaycan, türk, rus və ingilis dillərində təhsil alır. Tələbələrin istəyi nəzərə alınaraq, bu ilin sentyabrından UNEC-də Rus İqtisadiyyat Məktəbi yaradılıb. Təxminən 18% tələbəyə 11 ixtisas üzrə rus dilində təhsil verilir.
Ə.Muradov UNEC-in Dərbənd filialı haqqında danışaraq qeyd edib ki, burada maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat və dünya iqtisadiyyatı olmaqla, dörd ixtisas üzrə tədris aparılır. Tədris Plexanov adına Rusiya İqtisad Universitetinin tədris proqramları əsasında işlənib hazırlanıb. Pedaqoji heyət əsasən Rusiya Federasiyasının vətəndaşlarından ibarətdir. Bundan başqa, filialda UNEC-in aparıcı professor və müəllimləri mühazirələr oxuyur. Ümumilikdə, filialın pedaqoji heyətinin əmək haqqı Dağıstan Respublikasının uyğun orta göstəricisindən iki dəfə çoxdur. UNEC-in Dərbənd filialına qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır, deyən rektor vurğulayıb ki, 2016/17-ci tədris ilində filiala 69 nəfər qəbul olunub. Əyani şöbəyə daxil olan Rusiya vətəndaşları ödənişsiz təhsil almaqla yanaşı, onlara UNEC-in büdcəsindən təqaüd də ödənilir. Təqaüdün məbləği Bakıda təhsil alan UNEC tələbəsinin təqaüdünə bərabərdir.
Ə.Muradov xüsusi vurğulayıb ki, Dərbənd filialının tələbələri UNEC-in təqdim etdiyi bütün üstünlüklərə malikdirlər. Onlar UNEC-in dünyanın nüfuzlu universitetləri ilə bərabər həyata keçirdiyi ikili diplom proqramlarından yararlana bilərlər. Eyni zamanda, UNEC-in müvafiq mübadilə proqramları ilə Almaniyanın Ziqen, ABŞ-ın Kolumbiya, Litvanın Mikolas Romeris universitlərində, o cümlədən, Türkiyə və Cənubi Koreyanın aparıcı ali təhsil ocaqlarında təhsil almaq imkanı əldə edirlər. Rektor çıxışına “Dərbənd filialının təkcə Rusiyada deyil, bütün regionda yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üzrə aparıcı mərkəzlərdən biri olması üçün bütün gücümüzü sərf etməkdə davam edəcəyik”, deyərək tamamlayıb.
Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva UNEC-in Dərbənd fialialının açılmasını əlamətdar hadisə kimi qiymətləndirib: “Özünü nüfuzlu reytinqlərdə təsdiq edən, Cənubu Qafqazın ən böyük iqtisadyönümlü universitetinin filialının Rusiya Federasiyası ərazisində açılması mühüm hadisədir. Sevindirici haldır ki, UNEC-də həm də Rus İqtisadiyyat Məktəbi fəaliyyət göstərir. Ümidvarıq ki, UNEC-in Dərbənd filialı Dağıstan üçün lazım olan iqtisadçı kadrların hazırlanmasında əvəzsiz xidmət göstərəcək. Bildirmək istəyirəm ki, Dərbənd filialında həqiqətən bacarıqlı və yüksək peşəkarlığa malik pedoqoji heyət fəaliyyət göstərir. Rusiyalı nazir UNEC-in Dərbənd filialının açılışını vaxtında atılmış addım kimi qiymətləndirib.
Azərbaycanın təhsil naziri
UNEC-in Dərbənd filialının açılışı münasibəti ilə öz təbriklərini çatdırıb. Filialın fəaliyyətə başlamasında Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin, o cümlədən hər iki ölkə səfirliyinin xüsusi dəstəyini vurğulayıb. Nazir Azərbaycan və Rusiya arasında təhsil sahəsində münasibətlərin dinamik inkişaf etdiyini bildirib: “Bu filialın açılması münasibətlərimizin inkişafının göstəricisidir. Xüsusi olaraq bildirmək istəyirəm ki, UNEC-in Dərbənd filialı Azərbaycanın Rusiyada rəsmi lisenziya ilə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir”.
UNEC-in Dərbənd filialının ümumi sahəsi 11 min kvadrat metrdir. Filialda bir növbədə 1000 tələbənin təhsil alması üçün 32 auditoriya var. Bütün zəruri infrastruktura malik filialın mühazirə auditoriyaları proyektor və kompüter avadanlıqları ilə təchiz olunub. Hər fənn üzrə ixtisaslaşmış auditoriyalar yaradılıb. Kitabxana və oxu zalı, kompüter və linqafon otaqları, idman və aerobika zalları, tibb məntəqəsi, müasir tələblərə cavab verən 100 yerlik yeməkxana istifadəyə verilib. Filialın akt zalı 284 nəfərlik tədbirin keçirilməsinə imkan verir. Mərkəzi istilik sistemi, avtonom altstansiya, 80 kub metrlik su anbarı yaradılıb, 100 meqabaytlıq internet xətti çəkilib. Dərbənd filialında tam sutka ərzində fəaliyyət göstərən videomüşahidə sistemi quraşdırılıb.
VİDEO