UNEC-də Elmi Şuranın 2017/2018-ci tədris ili üçün sonuncu iclası keçirilib.
Şurada UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayevin hesabatı dinlənilib. Hesabatda Zaqatala filialında yeni tədris ilindən ixtisas sayının və qiyabi qəbul planının artırıldığı, təhsil haqlarının isə azaldıldığı da qeyd olunub.
Sonra UNEC-in Dərbənd filialının direktor müavini Təranə Abasova hesabatla çıxış edib. Müasir tələblərə cavab verən, yüksək maddi-texniki baza ilə təmin olunan Dərbənd filialında tədrisin Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin proqramı əsasında aparıldığı şura üzvlərinin diqqətinə çatdırılıb. Bildirilib ki, Dərbənd filialında təhsil alan tələbələr UNEC-in Montpellier Universiteti ilə ikili diplom proqramında iştirak edə bilərlər. Eyni zamanda Dərbənd filialında əyani təhsil forması üzrə təhsil alan və imtahanlarda ən yüksək nəticə göstərən 2 tələbə təhsilini bir semestrlik UNEC-in Rus İqtisad Məktəbində davam etdirmək imkanı əldə edəcək.
UNEC-in rektoru, professor Ədalət Muradov Universitet Daxili İkili Diplom (UDİD) proqramı ilə bağlı qaydalarda yeniliklər edildiyini diqqətə çatdırıb. Bildirib ki, yeni qaydalara əsasən, 2018/2019-cu tədris ilində UNEC-ə 700 bal toplayaraq qəbul olan abituriyentlər proqrama ödənişsiz qoşula biləcək. 600-dən yüksək bal toplayan I kurs tələbələrinə isə UDİD proqramı üzrə təhsildə 50 faiz güzəşt olunacaq.
“Təhsil haqqında” qanunda dəyişikliklər edildiyindən söz açan Ə.Muradov beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəyini bildirib. Rektor UNEC-i seçən olimpiada qaliblərinin 600 və daha yüksək bal toplayaraq UNEC-ə qəbul olunan abituriyentlərlə yanaşı xüsusi təqaüd ala biləcəklərini vurğulayıb.
Ə.Muradov UNEC-də ən yaxşı tədqiqatçı üçün Nobel mükafatı laureatı “Aziz Sancar adına mükafat”ın təsis olunduğu və mükafatın verilməsi qaydalarının hazırlandığını qeyd edib. Bildirib ki, məbləği 10 min manat olan “Aziz Sancar adına mükafat”ın təntənəli təqdimolunma mərasimində qalibi təbrik etmək üçün Nobel mükafatçısı ilə canlı bağlantı yaradılacaq.
Şurada Аzərbaycan Sığortaçılar Assosiasiyasının təşəbbüsü ilə UNEC Sığorta Məktəbinin yaradılması barədə qərar qəbul edilib.
Daha bir yenilik isə UNEC-in büdcəsi hesabına tədqiqat qrantlarının elan edilməsi olub. Bildirilib ki, qrantların verilməsi qaydaları hazırlanaraq UNEC-in tərkibində fəaliyyət göstərən 17 elmi tədqiqat mərkəzlərinə şamil ediləcək.
Şura cari məsələlərin müzakirəsi ilə davam edib. “Marketinq” kafedrası ləğv olunaraq, “Biznesin idarə edilməsi” kafedrası ilə birləşdirilib. “İqtisadçı” idman klubunun adı dəyişdirilərək “UNEC” idman klubu adlandırılıb.