A

Sentyabrın 14-də UNEC-də 2020/2021-ci tədris ilində Elmi Şuranın ilk iclası keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov yeni tədris ilinin başlaması münasibətilə şura üzvlərini təbrik edərək, uğurlar arzulayıb.

Onlayn keçirilən islacda Elmi Şuranın yeni elmi katibi Ərəbiyyə Mustafayeva şura üzvlərinə təqdim edilib.

Şurada 2020/2021-cи tədris ili üçün UNEC-in Elmi Şurasının iş planı səsə qoyularaq, təsdiq edilib. Sonra gündəlikdə duran məsələlərin müzakirəsi aparılıb. Keyfiyyətə nəzarət şöbəsinin müdiri, dosent Sevda Sərdarova 2019/2020-ci tədris ilinin  yaz semestrində distant tədrisin yekunları barədə təqdimatla çıxış edib. Bildirilib ki, yaz semestrində keyfiyyət elçiləri və fakültələr tərəfindən 3806 dərsdə iştirak edilib və keçirilən 23000 dərsin videoyazısı arxivləşdirilib. Distant tədrisin daha keyfiyyətli aparılması məqsədilə pedaqoji heyətə ABŞ-ın aparıcı universitetlərində fəaliyyət göstərən azərbaycanlı alimlər, eləcə də türk professorlar tərəfindən 5 günlük sertifikatlı təlimlər keçirilib. Hesabatdan sonra distant tədrisin təkmilləşdirilməsi barədə təkliflər səsləndirilib.

Sonra Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin  direktor müavini, dosent Söhrab İsayev 2019/2020-ci tədris ilinin  yay imtahan sessiyasının yekunları barədə məruzə edib. Bildirilib ki, imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində ölkədə ilk dəfə olaraq, dünyada ən mütərəqqi sistem hesab edilən proktorinq sistemi tətbiq olunub. S.İsayev sessiya zamanı 11248 tələbənin attestasiyasının aparıldığını, onlardan 9089 nəfərin bakalavr, 2159 nəfərin isə magistr olduğunu diqqətə çatdırıb. Hesabatda tədrisin keyfiyyət və mənimsəmə göstəricilərində artımın olduğu qeyd edilib. Sonra tələbə biliyinin qiymətləndirilməsinin təkmilləşdirilməsi məqsədilə təkliflər səsləndirilib.

Şurada Tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev cari semestrdə tədrisin təşkili barədə çıxış edib. Bildirilib ki, semestrlər modullara bölünərək təşkil ediləcək. Birinci modul bitdikdən sonra yekun attestasiya təşkil olunacaq. Distant dərslərin 60 dəqiqə nəzərdə tutulduğu, dərsdən sonra isə müəllimlər tərəfindən hər dərs üçün 30 dəqiqə məsləhət saatlarının keçiriləcəyi qeyd olunub. Bakalavrın biliyinin qiymətləndirilməsi 100 bal üzrərindən 20+30+50 modelində həyata keçiriləcək. Burada 20 bal tələbənin aktivliyi, 30 bal qrup layihəsi və 50 bal isə imtahan qiymətinə aid ediləcək. Qiymətləndirmə magistratura və TUDİFAK istisna olmaqla, bütün fakültələrdə tətbiq ediləcək. Tələbələrin davamiyyəti isə sərbəst olacaq.

Yeni tədris ilində ingilis dilinin tədrisinin beynəlxalq standartlar əsasında 4 semestr təşkil olunacağı qeyd edilib. Fənlər beynəlxalq standartlara uyğun olaraq, A1, A2, B1 və B2 səviyyəyə bölünəcək. Tələbələr “placement” (yerləşdirmə) testindən keçirilərək, bilik səviyyələrinə görə qruplara bölünəcəklər.

Birinci kurs tələbələrinin qruplar üzrə yerləşdirilməsində də yeniliklər tətbiq olunacaq. Belə ki, eyni ixtisasa yeni qəbul olan tələbələr digər fənlər üzrə qruplara DİM imtahanlarında topladıqları imtahan ballarına uyğun yerləşdiriləcəklər.

Sonra İnzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov şura üzvlərini UNEC-də onlayn tədbirlərin keçirilməsi ilə bağlı qaydalarla tanış edib. Qaydalar səsləndirildikdən sonra şura üzvləri tərəfindən qəbul olunub.

Elmi Şurada yeni kafedra və laboratoriyaların yaradılması barədə təkliflər səsləndirilib, təkliflər şura üzvləri tərəfindən qəbul edilib.

Belə ki, Mühəndislik fakültəsi nəzdində “Mühəndislik və tətbiqi elmlər” kafedrası yaradılacaq. “Sənaye mühəndisliyi”, “Material mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Qida mühəndisliyi” ixtisasları kafedranın nəzdinə daxil ediləcək. Rəqəmsal iqtisadiyyat fakültəsinin nəzdində isə “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrası yaradılaraq, “İnformasiya texnologiyaları”, “Kompüter elmləri”, “İnformasiya təhlükəsizliyi”, “Kommunikasiya sistemləri mühəndisliyi” həmin kafedranın nəzdinə daxil ediləcək. Mühəndislik, eləcə də Rəqəmsal iqtisadiyyat fakültələrinin nəzdində Laboratoriyaların işinin təşkili mərkəzləri yaradılacaq.

Qərara alınıb ki, UNEC-də “Qida kimyası və biokimya”, “Qida texnologiyaları”, “Qida mikrobiologiyası”, “Ekologiya”, “Fizika1” və “Fizika 2”, “Kimya 1” və “Kimya 2”, “Elektronika”, “Elektrotexnika”, “Materialşünaslıq”, “Kommunikasiya sistem mühəndisliyi”, “Maşın və sənaye mühəndisliyi” laboratoriyaları və 2 ədəd Kompüter laboratoriyası yaradılsın.

“Dizayn” kafedrasının bazasında isə UNEC Dizayn Məktəbi yaradılacaq. Bu ildən tədrisi nəzərdə tutulan “sərt bacarıqlar” və “yumşaq bacarıqlar” fənləri tələbələrin karyeralarını doğru şəkildə planlaması məqsədilə yaradılan “Karyera planlaması və inkişafı” kafedrasının nəzdində tədris olunacaq.

Şurada bildilirib ki, tədqiqatların və beynəlxalq bazalarda dərc olunan elmi məqalələrin keyfiyyətinin daha da artırılması məqsədilə professor-müəllim heyətinin reytinqini müəyyən edən DƏHS-də müvafiq paylar nəzərə alınmaqla, məqalələrin keyfiyyətinə dair göstəricilərə yer verilsin. Keyfiyyət göstəricisində yalnız istinadların sayı nəzərə alınacaq.

Şurada “Tədqiqatçı” vəzifəsinin təsis olunması da qərara alınıb.

Təsdiq olunan yeniliklərə əsasən, ingilis dili biliyi C1 və C2 səviyyəsində olan xarici dil müəllimlərinin əmək haqları müvafiq olaraq 15% və 30% artırılacaq.

UNEC-də təhsil alan və həssas ailələr qrupuna daxil olan tələbələr üçün dövlətin ödədiyi təhsil haqqı fərqinin universitet hesabına ödənilməsi barədə qərar qəbul edilib.

İnklüziv təhsil mərkəzi kimi də formalaşmağı hədəfləyən UNEC-də əlil gənclərin yüksək səviyyədə təhsil almalarına dəstək olmaq məqsədilə UNEC İnklüziv Təhsil Fondu yaradılıb. Fond əlilliyi olan tələbələrin təhsil haqqının ödənilməsi, onların mübadilə və ikili diplom proqramlarında iştirakına dəstək olacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay