Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Əlican Babayev “V Moskva Akademik İqtisadi Forumu (MAİF-2023)” daxilində, “Rusiya dəyişən dünyada: Yeni elmi təhsil proqramlarının hazırlanmasının siyasi iqtisadi əsasları” adlı “VII Beynəlxalq Siyasi İqtisad Konqresində (BSİK-2023)” iştirak edib.
Konqres 1) dünyanın sosial-iqtisadi inkişafında keyfiyyət dəyişiklikləri: heterodoks iqtisadi nəzəriyyənin əsas istiqamətlərinin potensialı; 2) dünya və milli təsərrüfat sistemlərinin öyrənilməsində və onların inkişafı üçün praktiki tövsiyələrin hazırlanmasında siyasi iqtisadın potensialı; 3) siyasi iqtisad fənninin universitetlərdə tədrisinin təşkil edilməsi: təcrübə, problemlərin və perespektivlərin işlənib hazırlanması və siyasi iqtisad kursunun tədrisi, dərsliklərin hazırlanması kimi problemlərin elmi müzakirəsinə həsr olunub.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi və texnoloji elmlər kafedrasının professoru, iqtisad elmləri doktoru Əlican Babayev konqresin “Siyasi iqtisad: XXI əsrin qlobal transformasiyalarının tədqiqat metodologiyası və nəzəriyyəsi” adlı Beynəlxalq seminarın I-ci bölməsinin iclasında “İqtisadi nəzəriyyə və XXI-ci əsrin çağırışları: yeni tədqiqat obyektləri və praktiki tövsiyələr” mövzusunda çıxış edib. Konqres çərçivəsində təşkil olunan plenar, bölmə iclasları, dəyirmi masa və seminarlarda səmərəli elmi müzakirələr aparılıb.
Rusiya Azad İqtisadiyyat Cəmiyyətinin Beynəlxalq Komitəsi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisad Fakültəsi, S.V.Vitte adına Yeni Sənaye İnkişafı İnstitutu, Siyasi İqtisadın Məsələləri jurnalı tərəfindən təşkil edilmiş konqresdə Rusiyanın bir çox regionlarından, eləcə də ABŞ, Fransa, Çin, Kanada, Almaniya, Yunanıstan, Braziliya, Azərbaycan, Gürcüstan, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin müxtəlif elm və təhsil müəssisələrinin, dövlət və özəl qurumlarının 3000 nəfərdən artıq nümayəndələri oflayn və onlayn qaydada iştirak edib.