A

UNEC-in professoru Sifariz Səbzəliyevin öz ərizəsi ilə təqaüdə çıxması münasibətilə universitetdə vida görüşü keçirilib.

Görüşdə çıxış edən rektor professor Ədalət Muradov Sifariz müəllimin hər zaman ziyalılığı, səmimiyyəti və təvazökarlığı ilə seçilən insanlardan olduğunu bildirərək, onun haqqında xoş sözlərini bölüşüb. UNEC-dən ayrılsa da dogma universitetinin qapılarının hər zaman Sifariz müəllimə açıq olduğunu deyən rektor, ona uzun ömür, möhkəm cansağlığı arzulayıb.

Sonra İnsan Resursları şöbəsinin müdiri Nizami Qərhəmanov Sifariz Səbzəliyevin həyat və fəaliyyətindən söz açıb. Bildirib ki, 1981-ci ildən İqtisad Universitetində əmək fəaliyyətinə başlayan Sifariz müəllim “Mühasibat uçotu” kafedrasında baş müəllim, dosent, Uçot-iqtisad fakültəsində dekan müavini, “Mühasibat uçotu və audit” kafedrasının müdiri vəzifələrində çalışıb. Ömrünün böyük hissəsini maliyyə, mühasibatlıq və audit sahəsinin inkişafına və kadr hazırlığına həsr edən alimin 200-ə yaxın dərslik, dərs vəsaiti, monoqrafiya, elmi məqalənin və digər tədris-metodik vəsaitlərin müəllifi olduğunu diqqətə çatdırıb. Onun elmi rəhbərliyi ilə onlarla gənc elmlər namizədi və elmlər doktoru olduğunu, tədrisin təşkilindəki xidmətlərinə görə Fəxri Fərman, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib, “Əməkdar Müəllim” fəxri adına layiq görüldüyünü qeyd edib.

Sonra Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, kafedra müdiri professor Əvəz Ələkbərov, professorlar Məhiş Əhmədov, dos.Vaqif Quliyev, Yadulla Həsənli, Niyazi İsmayılov, Maliyyə və Mühasibat fakültəsinin dekanı Hafiz Hacıyev, kafedra müdiri dos.Sevinc Abbasova, gənc müəllim Aynur Hacıyeva çıxış edərək, Sifariz müəllimin gözəl insan, istedadlı alim kimi xüsusiyyətlərindən bəhs ediblər. Kollektiv və tələbələri tərəfindən sevilən pedaqoqun maliyyə və audit sahəsində zəngin irs qoyduğunu bildiriblər. Çıxış edənlər alimə uzun ömür, cansağlığı, xoş günlər arzulayıblar.

Professor Sifariz Səbzəliyev xoş sözlərə və göstərilən diqqətə görə UNEC rəhbərliyinə, eləcə də professor-müəllim heyətinə öz təşəkkürünü bildirib.

Görüşdə professor Sifariz Səbzəliyevə UNEC-in “Fəxri Fərmanı” və xatirə hədiyyələri təqdim edilib. 

TOP XƏBƏRLƏR