A

"Xalq qəzeti"

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ötən il ölkə­mizdə elan edilmiş “Heydər Əliyev İli” Ulu öndərin canlı dövlətçilik strategiyası təşkil edən misilsiz irsinin öyrənilməsi və ondan istifadə prosesini yeni tarixi mərhələyə qaldırdı. Dünyanı heyran qoymuş böyük azərbaycanlının bənzərsiz ömür yolunun və titanik liderlik fəaliyyətinin tədqiqi və təbliği ilə bağlı görülən irimiqyaslı, vüsətli elmi-informativ işlərin dalğası zaman hüdudlarını aşaraq bu il də sonsuz sevgi-sayğı ilə davam edir. 

Xalqımız və Azərbaycanın sadiq dostları dünya miqyaslı siyasətçi və dövlət xadiminin anadan olmasının 101-ci ildönümünü də qeyri-adi qədirbilənlik və dərin ehtiramla yad edir. Bütün dün­yada nəhəng strateq və mahir taktik kimi qəbul edilən Heydər Əliyevin ictimai-si­yasi, sosial-iqtisadi və ideya-mənəvi sferalarda xidmətləri zəmanəmizdə bəşəri əhəmiyyətli nadir fəaliyyət kimi dəyərləndirilir. Ulu öndərin dərin zəkası və misilsiz əməli fəaliyyəti ilə aşılanmış zəngin irsində onun iqtisadi inkişaf ilə bağlı nəzəri baxışları və vüsətli quru­culuq xronikası da önəmli yer tutur. Bu konseptual mövzunun əhatə etdiyi no­vatorluq fəlsəfəsi Azərbaycanın çağdaş sosial-iqtisadi inkişafının nəzəri və əməli əsaslarını təşkil edir. 

Ümummilli liderin ən layiqli davam­çısı, sosial-iqtisadi inkişafda varisliyi ümummilli inkişaf amilinə çevirmiş Pre­zident İlham Əliyev bu qiymətli irsin həmişəyaşarlığını belə ifadə etmişdir: “Heydər Əliyev bütün dövrlərdə Azər­baycan xalqına ləyaqətlə xidmət etmiş­dir. Azərbaycanın azadlığının əbədi, dönməz olmasında, iqtisadi potensia­lının güclənməsində, bölgədə və yer üzündə nüfuzunun artmasında onun müstəsna xidmətləri var. İndi bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bi­zimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu azad Azərbaycan yaşa­yacaqdır”.

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli lider Heydər Əliye­vin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ulu öndərin 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir. Heydər Əliyev öz ölkəsinin ali rəhbəri kimi var qüvvə­sini və bacarığını həmişə Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng qurucu­luq işlərinin təşəbbüskarı və icraçısı ol­muşdur. 

Yaxın keçmişə nəzər salsaq görərik ki, 1988–1993-cü illərdə Azərbaycanın ictimai-siyasi həyatında çaxnaşmalar, cəbhədəki məğlubiyyətlər, ölkədəki anarxiya, xaos, vətəndaş müharibəsi təhlükəsi xalqı cana doydurmuş, saba­ha inamı sarsıtmışdı. Belə bir təhlükənin və davam edən faciələrin qarşısını al­maq üçün xalq özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdi. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə qızıl hərf­lərlə yazıldı. Xalqımız hər il həmin tarixi Milli Qurtuluş Günü kimi bayram edir.

Ümummilli lider xalqın tələbi ilə haki­miyyətə qayıdanda deyirdi: “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrult­maq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqı­ma qurban verməyə hazıram”. O zaman Heydər Əliyevin zəngin dövlətçilik təcrü­bəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində dağıdıcı proseslər dayandı­rıldı. Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda ulu öndərin bilavasitə rəhbərliyi altında respublika­mızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlə­timizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı.

Prezident Heydər Əliyevin rəhbərli­yi ilə hüquqi və sivil dövlət quruculuğu prosesi başlandı. Müstəqil respublika­mızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi. Dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndi. İqtisa­di islahatların həyata keçirilməsi geniş vüsət aldı. Bütün bunlar məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində mümkün oldu.

Xalqımızın dahi oğlu Heydər Əliyev tükənməz enerjisini nəinki öz xalqının, dövlətinin inkişafına, bütövlükdə, dünya xalqlarının iqtisadi, mədəni yüksəlişinə, onların arasında mehriban münasibət­lərin dərinləşməsinə sərf edirdi. Məhz Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilən tarixi İpək yolu dünyanın Şərqi ilə Qərbini yenidən birləşdirdi və bütün dünya dövlətlərinin inkişafına öz mühüm töhfəsini verdi. 

Ümummilli lider Heydər Əliyev BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaş­lıq Təşkilatı, GUAM, MDB və başqa bey­nəlxalq təşkilatların toplantılarında daim qlobal, bəşəri problemlərə öz orijinal baxışını ardıcıl və ucadan səsləndirirdi. Sözün həqiqi mənasında, bu böyük in­sanın amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqa xidmət etməkdən ibarət idi. Ulu öndər Heydər Əliyev indi bütün dünyada Azərbaycanın rəmzinə çevrilib. Məhz ona görə də böyük öndərimizin adı xalqımız tərəfindən həmişə dərin hörmət və ehtiramla anılır. 

Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar milli sərvətlərinə sahib olmaq və ölkələrinin inkişafına yönəltmək imkanı qazanırlar. Dünyanın bir çox ölkəsi zəngin neft eh­tiyatına malikdir. Lakin bu ölkələrin heç də hamısı həmin sərvətdən xalqın rifahı üçün lazımi səviyyədə istifadə edə bil­mir. Ümummilli liderimiz Heydər Əliyev isə neft-qaz ehtiyatından əldə edilən gə­liri xalqın rifahına yönəldə bildi.

1994-cü il sentyabrın 20-də imza­lanan “Əsrin müqaviləsi” ilə müstəqil Azərbaycanın yeni neft strategiyası hə­yata keçirilməyə başlandı və ölkə iqtisa­diyyatına yatırılan investisiyanın həcmi ilbəil artdı. Keçmiş sovet respublikaları arasında Azərbaycan ilk dəfə Qərbin iri neft şirkətləri ilə belə irimiqyaslı saziş imzaladı və Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu. Bununla da Prezident Heydər Əliyev o dövrdə növbəti dəfə böyük siyasi cəsarət, dön­məz iradə, dəqiq iqtisadi hesablama və dərin müdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft doktri­nasını irəli sürdü.

“Əsrin müqaviləsi” Azərbaycanın iq­tisadi müstəqilliyinin təməl daşına çev­rildi, azad iqtisadi mexanizmlərin tətbiq edilməsini və respublikamızın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi. Bu beynəlxalq əməkdaş­lıq xarici investorların ölkəmizə axını­nı sürətləndirdi və Azərbaycanda yeni neft-qaz müqavilələrinin bağlanmasına güclü təkan verdi.

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi isə ölkəmizdə istehsal edilmiş neftin dünya bazarına çıxarılmasında mühüm rol oy­nayır. Heydər Əliyev kəmərin təməlinin qoyulması mərasimindəki nitqində de­mişdi: “Bakı-Tbilisi- Ceyhan çox böyük iqtisadi xarakter daşıyır. Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, siyasi xa­rakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminat­çısı ola bilər”.

Alfred Nobelin XX əsrin əvvəllərin­də “Burada neft, qaz və siyasət çox sıx şəkildə bir-birinə qarışıb” – deyə xarak­terizə etdiyi Azərbaycan artıq XX əsrin sonunda xalqın dahi oğlu Heydər Əliye­vin dərin zəkasının və böyük zəhmətinin bəhrəsi olan inkişaf strategiyası nəticə­sində sabitliyin və əmin-amanlığın hökm sürdüyü bir ölkə halına gətirdi. Gün­dən-günə artan neft gəlirləri, xarici in­vestisiya axını ölkənin iqtisadi mənzərə­sini dəyişdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi. Azərbaycanın zəngin nefti və qazı Ulu öndərin müəyyən etdiyi geosiyasi xətt əsasında müstəqilliyimi­zin möhkəmlənməsinə, beynəlxalq nü­fuzumuzun artmasına xidmət edir. 

Respublikamızda istehsal edilən neft-qaz müstəqillik şəraitində xalqı­mızın güzəranının yaxşılaşmasında, onun ictimai-siyasi həyatında böyük rol oynaydı. Ulu öndər Heydər Əliyevin me­marı olduğu neft strategiyasının uğurla həyata keçirilməsi sayəsində ölkəmizdə dinamik inkişafın təmin edilməsi, əhali­nin rifahının yaxşılaşması, dünya təsər­rufat sisteminə inteqrasiya əlaqələrinin güclənməsi mümkun oldu. 

Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilən tarixi İpək Yolu dünyamızın Şərqi ilə Qərbini birləşdirdi və bütün dünya döv­lətlərinin inkişafına öz mühüm töhfəsini verdi. Avropa və Asiya qitəsinin arasın­da yerləşən Azərbaycan tarixən qərblə şərq, cənubla şimal arasında “körpü” funksiyası daşıyıb. Tarixi İpək Yolunun bərpasına həsr edilən və Bakıda böyük təntənə ilə keçirilən beynəlxalq konfrans respublikamızın yenidən iki qitəni birləş­dirən qovşağa çevrilməkdə olduğunu nümayiş etdirdi. İpək Yolunun üstündə yerləşən 33 ölkənin, 8 beynəlxalq təş­kilatın nümayəndələri ölkəmizin pay­taxtına toplaşmaqla Azərbaycanın bey­nəlxalq nüfuzunu bütün dünyada bir daha təsdiq etdilər. 

Son 21 ildə bu siyasi kursun ardıcıl olaraq həyata keçirilməsi isə möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağ­lıdır. Regionda qlobal enerji layihələ­rinin təşəbbüskarı və iştirakçısı olan Azərbaycan hazırda bir sıra dünya və Avropa ölkələrinin “mavi yanacaq”la tə­minatında mühüm rol oynayır. “Şahdə­niz” yatağı ölkəmizi dünyanın potensial qaz ixracatçılarından birinə çevirmişdir. Azərbaycan Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişlən­ləndirilməsində, Qafqaz nəqliyyat dəhli­zinin inkişafında, Bakı- Tbilisi- Qars də­mir yolu, Cənub Qaz Dəhlizi, TRASEKA kimi nəhəng layihələrinin gerçəkləşmə­sində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, eləcə də dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir. 

Azərbaycanda 1993-cü ildən başla­yaraq əsası Heydər Əliyev tərəfindən qoyulan və həyata keçirilən enerji si­yasəti çox maraqlı mərhələləri keçib. Qlobal layihə olan Cənub Qaz Dəhlizi uğurla gerçəkləşdirildi. TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorun­dakı “Şahdəniz-2” yatağından və digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və bu ölkədən Avropaya nəq­lini təmin edir. Bu gün Avropa İttifaqının 9 ölkəsi Azərbaycan qazı alır. Bu ölkələ­rin sayı artır və tezliklə köhnə qitəyə Azərbaycan qazının illik ixracı 20 mil­yard kubmetrə çatacaq.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Onun icrasına 45 milyard dollardan çox sər­mayə qoyulub. İndiki maliyyə böhranı şəraitində bir layihəyə bu dərəcədə ka­pital qoyulması onun iqtisadi önəmi ilə yanaşı, siyasi və geosiyasi əhəmiyyətini də göstərir. Burada, şübhəsiz ki, Azər­baycanın kifayət qədər qaz ehtiyatına malik olmasına olan inam da mühüm rol oynayıb. Hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kub­metrə bərabərdir. 

Cənub Qaz Dəhlizi, bütövlükdə, qlobal əməkdaşlığın enerji təhlükəsizli­yinə verdiyi çox böyük töhfədir. Bu bey­nəlxalq kəmərin Yeni İpək yolu layihəsi ilə qarşılıqlı əlaqədə müsbət nəticələr verə biləcəyi şəksizdir. Prezident İlham Əliyev bu irimiqyaslı əməkdaşlığı belə qiymətləndirmişdir: “Azərbaycan, Gür­cüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahə­sində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regio­nal əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur”. 

Azərbaycan iqtisadiyyatı müasir dövrdə, şaxələndirmə, başqa sözlə, di­versifikasiyalaşdırılma dövrünü yaşayır. Prezident İlham Əliyevin təsdiq etdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ndə göstərilir ki, Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və innovasiyalaşdırılmasında iki mühüm iqtisadi inkişaf istiqaməti-- milli istehsal­çıların məhsullarına olan tələbatın daxili bazarda ciddi artırılmasının təmin olun­ması və xarici bazarların əldə edilməsi mühüm prioritet kimi qəbul olunmalıdır. 

Bu baxımdan ölkənin qeyri-neft sek­torunun inkişafının sürətləndirilməsində əsas element kimi sənayenin, kənd təsər­rüfatının, turizmin, İKT və s. sahələrin kompleks və sürətli inkişafı, ölkə iqtisadi­yatının müxtəlif sektorlarının potensialın­dan səmərəli istifadə olunması, yüksək standartlara cavab verən milli məhsul­ların və malların istehsal şəbəkəsinin genişləndirilməsi, ixracyönümlü malların çeşidinin artırılması və qeyri-neft ixracı­nın coğrafiyasının şaxələndirilməsi həc­minin yüksəldilməsi, yeni xarici əmtəə bazarlarına çıxışın təmin olunması vacib şərtlər kimi çıxış edir. 

Hazırda iri enerji layihələrinin ək­səriyyəti başa çatdırılıb və yaxud icra edilməkdədir. Artıq qeyri-neft sektorun­da irihəcmli layihələr başlanılıb, ölkənin iqtisadi inkişafının neftdən asılılığının azaldılması prosesləri müşahidə olu­nur. Kənd təsərrüfatı, turizm, informa­siya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. 

Beynəlxalq maliyyə institutları bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edir­lər. Belə ki, ölkənin məşğul əhalisinin 40 faizdən çoxu kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proq­ramları, islahatlar və yeni texnologiyala­rın cəlb edilməsi həyata keçirilməkdədir. Azərbaycanla sıx tərəfdaşlıq edən Asiya İnkişaf Bankı da kənd təsərrüfatı və tu­rizmi ölkədə qeyri-neft sektorunun inki­şafının aparıcı istiqamətləri hesab edir. 

İndi Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elekt­rik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq mə­mulatları və s. müxtəlif ölkələrə ixrac edilir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zə­min yaratmaq üçün inkişaf proqramla­rı əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli dövlət kreditlərinin ay­rılmasına, kənd təsərrüfatına subsidi­yaların yönəldilməsinə, ölkə boyu nəq­liyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollar­lıq vəsait xərclənib. Bu kapital çox keç­mədən öz bəhrəsini verməyə başlayıb və iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olub.

Prezident İlham Əliyev Azərbaycana rəhbərliyi dövrünə nəzər salarkən de­mişdir ki son 2 onillikdə iqtisadi baxım­dan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır: “Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, iqtisadi rifah yaxşılaşdı və res­publikamızın gələcək inkişafı üçün zə­min yaradılmışdır”. 

Müasir mərhələdə iqtisadi sahə­də qarşıya qoyulan əsas vəzifə qey­ri-neft sektorundakı mövcud potensialın hərəkətə gətirilməsi, bu sahədə dinamik inkişafın təmin edilməsi üçün yeni iqtisa­di islahatların həyata keçirilməsidir. Bu məqsədlə qeyri-neft sektorunda müşa­hidə edilən proseslərə çevik adaptasi­ya, habelə postneft iqtisadi inkişaf mo­delinin dəstəklənməsi üçün sənayenin qarşısında duran yeni çağırışlar və im­kanların tətbiq edilməsi üçün Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə Strateji Yol Xəritəsi təsdiq edilmişdir.

Bu yol xəritələri Azərbaycanın gələ­cək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir. Təsdiq edilmiş xə­ritədə, bütövlükdə, milli iqtisadiyyat və 11 sektor üzrə yaxın orta və uzunmüd­dətli perspektivlər öz əksini tapmışdır. Strateji Yol Xəritəsinin icrası nəticəsin­də sənayenin strukturu təkmilləşdirilir, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çev­rilir, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artır, ümumi iqtisadi potensial 2025-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətirilir.

Ümumiyyətlə, mövcud resurslardan optimal istifadə, habelə müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqi uğurla davam etdirilir.

Qeyri-neft sektorunun inkişafı ölkə­nin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən biridir. Bunun nəticəsidir ki, son illər uğurla həyata ke­çirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisi­ya qoyuluşunun artmasına, yeni müəs­sisələrin və iş yerlərinin yaradılmasına səbəb olmuşdur.

İqtisadiyyatın şaxələndirilməsi si­yasətinin prioritet istiqamətlərindən biri də regionların inkişafı strategiyasının həyata keçirilməsidir. Bu baxımdan qə­bul edilmiş regional inkişafa dair dövlət proqramları uğurla icra olunmuş və bu proqrama əsasən digər böyük layihələ­rin icrası qeyri-neft sektorunun davamlı inkişafına da şərait yaratmışdır.

Ulu öndərin iqtisadi inkişaf strate­giyasını uğurla gerçəkləşdirən Azər­baycan rəhbərliyi çalışır ki, ölkə neft amilindən asılı olmasın. Buna görə də qeyri-neft sektoruna aid layihələrin re­allaşmasının sayı da durmadan artmaq­dadır. Hazırda qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologi­yalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan in­formasiya-kommunikasiya texnologi­yaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həya­tına birbaşa təsir göstərməkdədir. 

Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son illərdə ən dina­mik inkişaf edən 10 ölkə qrupuna daxil­dir. Ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Bu işdə iqtisadi islahatla­rın, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçi­rilməsi müstəsna rol oynayır. Məhz bun­ların sayəsində regionlarda sahibkarlıq inkişaf edir, yeni iş yerləri yaradılır.

Novator lider İlham Əliyevin prezi­dentliyi dövründə Azərbaycan iqtisa­diyyatının yeni sürətli inkişaf erası baş­lanmışdır. Bu isə heç şübhəsiz, dövlət tərəfindən dövrün tələblərinə uyğun olaraq iqtisadi islahatların kompleks və əlaqəli şəkildə aparılması, proqnozlar əsasında formalaşdırılmış dövlət proq­ramlarının, yerli, regional və beynəlxalq investisiya layihələrinin həyata keçiril­məsi və dünya iqtisadiyyatına inteqrasi­ya yolu ilə əldə edilmişdir. Bütün bunla­rın məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və mövqeyi ilbəil artmaqdadır. 

Ulu öndərin inkişaf strategiyasını yeni çalarlarla zənginləşdirən Prezident İlham Əliyevin praqmatizmə söykənən səmərəli fəaliyyəti nəticəsində Azər­baycanın sosial-iqtisadi tərəqqisi daha intensiv xarakter almağa başlamışdır. Ölkə başçısının rəhbərliyi altında həya­ta keçirilən iqtisadi siyasətin fərqləndirici xüsusiyyətləri bu sahədə sürətli inkişafa xidmət edən bütün istiqamətlər üzrə fəa­liyyətin paralel şəkildə həyata keçirilmə­si və əlaqələndirilmiş proqramlar üzrə aparılmasıdır. Əldə olunan iqtisadi artım isə ilk növbədə, Azərbaycan vətəndaş­larının maddi rifah halının yüksəldilmə­sinə, ölkədə yoxsulluğun azaldılmasına, sahibkarlığın və regionların hərtərəfli inkişafına yönəldilmişdir. 

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən xarici və daxili siyasət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növ­bəti illərdə də bu siyasətin davamı sayə­sində hərtərəfli inkişaf sürətini daha da artıracaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini durmadan möhkəmləndirəcəkdir. 

Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Əməkdar elm xadimi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay