A

modern.az

Əvəz Ələkbərov: "Müzəffər Zəfərimizə eşq olsun!" 

Modern.az saytı iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim, UNEC-in kafedra müdiri Əvəz Ələkbərovla müsahibəni təqdim edir: 

- Əvəz müəllim son 4-5 il ərzində qlobal dünyada və regionumuzda kifayət qədər ciddi dəyişikliklər və hadisələr baş verib. Proseslərin bu qeyri-müəyyənliyi və dinamik elastikliyi şəraitində 4-cü ildönümünü qeyd etməyə hazırlaşdığımız Zəfər bayramının ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirirsiz?

- Tarixi baxımdan 8 noyabr günü ölkəımizin və dövlətimizin yüz illər gələcəyə köklənmiş və onun taleyinin uğurlu başlanğıcını qoymuş müqəddəs bir gündür. Məncə bu zəfər Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında formalaşan Milli birliyin sarsılmaz vəhdəti və gücü hesabına əldə olundu. Tam səmimiyyətlə vurğulayıram ki, bu tarixi zəfər müasir Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Dağın zirvəsi ondan uzaqlaşdıqca nə qədər aydın və əzəmətli görünürsə, ötən hər bir il əldə etdiyimiz bu Zəfərin millətimizin taleyindəki şübhəsiz əhəmiyyətini bir o qədər aydın dərk edirik.

Bu qələbə son 4 ildə və bundan sonra, gələcəkdə əldə etdiyimiz uğurların müqəddəs başlanğıcı idi.

- Bu baxımdan hansı uğurları xüsusilə qeyd etmək istərdiniz?

- Bilirsiniz, mən burada xüsusi olaraq son 30 il ərzində beynəlxalq aləmin qeyri-müəyyən mövqeyi qarşısında dövlətimizin onun bütün ərazisində suverenliyinin bərpa edilməsini qeyd edərdim. Minsk qrupunun yarıtmaz və qərəzli fəaliyyəti ola-ola bir neçə əsrə sığışmayan möhtəşəm Qələbəmizdir. Dinamik və davamlı sosial -iqtisadi artımın təmin edilməsi, siyasi sabitliyin və rifahın mütəmadi olaraq möhkəmləndirilməsi siyasətinin gerçəkləşdirilməsi, diplomatiya sahəsində milli maraqları daim rəhbər tutaraq təkmilləşdirilməsi, yaxın və uzaq qonşularımızla strateji əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi, ölkədə nəhəng quruculuq işlərinin sürətlə aparılması və s. kimi nəticələri ilk növbədə qeyd etmək istərdim. Bütün bunlar isə Möhtərəm Prezidentimizin  müdrik və uzaqgörən siyasətinin bəhrəsidir.

- Hörmətli professor, bir iqtisadçı alim kimi Sizin 4-5 ildə ölkəmizdə əldə edilmiş sosial-iqtisadi nəticələr haqqında fikirlərinizi bilmək istərdim? 

-  Fundamental sualdır. Çünki sosial-iqtisadi vəziyyət həm gələcək inkişaf üçün bir nlatformadır, həm də reallığı əks etdirən nəticədir. Son dövrün nəticələri isə, elə beynəlxalq qurumların sənədlərində belə olduqca pozitivdir. Məsələn, Beynəlxalq Valyuta Fondunun “Dəyişən geoiqtisadi landşaftda naviqasiya” adlı hesabatda Azərbaycanda ÜDM 2023-cü ildə əgər 72,4 mlrd.dollar olmuşdursa, 2024-cü ildə bu əsas makroiqtisadi göstərici 75,6 mlrd.dollara çatmışdır. Dəqiqləşdirilmiş proqnozlara görə isə 2025-ci ilin sonuna bu rəqəm 77,0 mlrd dollardan da çox olacaqdır. Bir makroiqtisadçı mütəxəssis kimi söyləyə bilərəm ki, bu müasir beynəlxalq geoiqtisadi qeyri-müəyyənlik mərhələsində regional inkişaf baxımından olduqca müsbət trendləri əks etdirən nəticələrdir.

İkinci mühüm makroiqtisadi göstərici olan inflyasiya 2023-cü ildəki 8,8 faizdən 2024-cü ilin sonunadək 2.1 faiz səviyyəsində cilovlanması nəzərdə tutulur. Nəzərə alsaq ki, beynəlxalq ekspert müşahidələrinə əsasən Qafqaz və Mərkəzi Asiya neft ixracatçıları üzrə illik baza inflyasiya səviyyəsinin bu ilki 7 faizdən yaxın və ortamüddətli dövrdə 5,2 faizə düşəcəyi də proqnozlaşdırılır.

Qeyd edə bilərəm ki, üçüncü əsas göstərici – məşğulluq səviyyəsinin yüksəldilməsi sahəsində də xeyli işlər görülməkdədir. “Milli Prioritetlər”də göstərildiyi kimi şaxələndirilmiş iqtisadiyyatın dayanıqlığı üçün qeyri-neft sektorunun payının mütəmadi olaraq yüksəldilməsi və bu sahəyə xarici investisiyaların, qabaqcıl texnologiyaların cəlb edilməsi yeni iş yerlərinin yaradılmasına və məşğulluq səviyyəsinin yüksəldilməsinə gətirib çıxarır.

Dünyada belə davamlı inkişafı təmin edən Zəfərli, Prezident İlham Əliyev səviyyədə Lideri olan ölkə var! O, bizim canımızdan da çox sevdiyimiz Azərbaycandır. 

- Əvəz müəllim bir təcrübəli ictimai-siyasi xadim kimi ölkəmizin perspektivləri haqqında nələri xüsusi qeyd etmək istərdiniz? 

- Bilirsiniz Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında işlədiyim illər məni həmişə, ən çətin məqamlarda belə pozitiv düşüncəyə sahib olmağı öyrədib. Məncə yuxarıda sadaladığım uğurlarımızın da təməli məhz Ümummilli liderimizin ideyaları və bu ideyaları peşəkarcasına reallaşdıran möhtərəm Prezidentimiz İlham Əliyevin titanik fəaliyyəti sayəsində qoyulmuşdur. Bu baxımdan gələcəyə baxanda mən çox optimistəm. İnanıram ki, bizi bir millət olaraq daha böyük Zəfərlər və uğurlar gözləyir. Və xüsusi olaraq vurğulamaq istərdim ki, bu gözləntilər məhz elmi cəhətdən əsaslandırılmış proqnozlara və reallıqlara əsaslanır.

- Bayramda hara getməyi planlaşdırırsınız? 

- Nəvələrimlə birlikdə Zəfər parklarından birinə gedib, bu böyük qələbədə xidməti olan bütün şəhidlərimiz, qazilərimiz, qəhrəmanlarımızı xatırlayacaq və ölkəmizin, millətimizin və Dövlət Başçımızın Ulu Tanrı tərəfindən həmişə hifz edilməsini arzulayacağam.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay