“Təcrübə göstərir ki, məhz regionların inkişafının ən böyük payında universitetlər yer alır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.
Professor qeyd edib ki, elmi tədqiqatlar iqtisadiyyatın inkişafına və cəmiyyətin rifahına xidmət etməlidir:
“Xarici ölkələrin elmi tədqiqatlarının biznes strukturları ilə qarşılıqlı əlaqəsi faydalı olmalıdır. Tədqiqatlar yalnız təbliğat məqsədi daşımalı deyil, həm də iqtisadiyyatın inkişafına və cəmiyyətin rifahına xidmət etməlidir. Elmin məqsədi nədir? Elm cəmiyyətin inkişafına və irəliləməsinə xidmət etməlidir. Buna görə də, biz elmi istiqamətləri müəyyənləşdirməliyik. Bu gün Azərbaycan üçün prioritetlər nədir? Həmin prioritetlər çərçivəsində Azərbaycan hansı uğurları əldə edə bilər? Azərbaycanın hansı sahələrdə problemləri var?
Əgər biz bu günün vəziyyətinə baxsaq, tədqiqatların çox böyük bir hissəsi qonşu ölkə olan Türkiyədə bələdiyyə strukturları tərəfindən həyata keçirilir. Belə ki, bələdiyyələr regionların inkişafı üçün nə etmək lazım olduğunu araşdırır. Mən hesab edirəm ki, bu gün regionlarda universitetlərin açılmasına gözəl bir başlanğıc verilib. Bu, yaxşı bir göstəricidir. Bu proses daha da inkişaf etməlidir. Təcrübə göstərir ki, məhz regionların inkişafında universitetlərin rolu çox böyükdür. Niyə? Məsələn, Türkiyənin istənilən şəhərinə baxsaq, universitet açıldığı zaman həmin şəhər inkişaf edir, yeni zavodlar və fabriklər tikilir. Çünki gənclər dinamik və aktiv olurlar. Onlar böyük istehlakçı fəallığı göstərirlər. Həmin bölgələrdə brend mağazalar, istirahət mərkəzləri, teatrlar və digər sosial obyektlər açılır. Bir sözlə, gənclərin fəaliyyəti həmin bölgələrin inkişafına səbəb olur.
Ona görə də biz regionların inkişafını dəstəkləməliyik. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında ən böyük aktyorlardan biridir. Biz elmi tədqiqatlarımızla Avropanın enerji təhlükəsizliyindəki rolumuzu daha da aydın şəkildə göstərməliyik. Nəticə etibarilə, bütün elmin inkişafı ölkənin inkişafında mühüm rol oynayır. Ölkənin inkişafına xidmət etməyən hər şey mənasızdır. Yəni, sən Amerikada və ya Avropada yaşasan da, yazdığın məqalə Azərbaycanın inkişafına təsir etmirsə, bu qəbul edilə bilməz”, - deyə o fikrini tamamlayıb.