Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə görkəmli filosof, fəlsəfə elmləri doktoru, professor Maqsud Cəlilovun 90 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov UNEC-in rektoru professor Ədalət Muradovun rəhbərliyi ilə universitetin tanınmış rektorları və görkəmli alimlərinin xatirəsinə həsr olunan anım tədbirləri və elmi konfransların artıq bir ənənəyə çevrildiyini vurğulayıb.
Tədbirdə professor Zakir Məmmədəliyev görkəmli filosof Maqsud Cəlilovun həyatı və elmi-pedaqoji fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. O, Maqsud Cəlilovun Azərbaycan fəlsəfi fikir tarixində tutduğu yeri və onun elmi irsinin bu gün də aktual olduğunu qeyd edib.
Professor M.Cəlilovla birgə çalışmış əməkdaşlar - Leyla Nəzirzadə və Günay Əliyeva tədbirdə çıxış edərək dəyərli alim haqqında xatirələrini bölüşüblər.
Tədbirdə iştirak edən professor Maqsud Cəlilovun qızı, UNEC-in dosenti Müslümə Cəlilova atasının xatirəsinin universitet səviyyəsində yad olunmasına görə təşəkkürünü bildirib, ailəsinin duyduğu qürur və minnətdarlıq hissini ifadə edib.
Anım tədbiri Maqsud Cəlilovun elmi və mənəvi irsinin yeni nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Maqsud Fərhad oğlu Cəlilov 1935-ci il mayın 2-də Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirdikdən sonra bir müddət müəllimlik etmiş, 1964-cü ildə AMEA-nın “Fəlsəfə və Hüquq” institutunda aspiranturaya qəbul olunmuşdur.
1969-cu ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) Fəlsəfə kafedrasında fəaliyyətə başlamış, 1976–2008-ci illərdə həmin kafedraya rəhbərlik etmişdir. 1987-ci ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsini almışdır.
Professor Cəlilov 300-ə yaxın elmi və publisistik məqalənin, 6 monoqrafiya və 10-dan çox dərslik və metodik vəsaitin müəllifidir. Azərbaycanda müstəqillik dövründə çap olunan ilk milli “Fəlsəfənin əsasları” dərsliyi də ona məxsusdur.
Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ictimai mövqe ilə də seçilən Maqsud Cəlilov erməni təcavüzünün ifşasına həsr olunmuş çoxsaylı məqalələrin müəllifidir. UNEC-in 70 illiyi münasibətilə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür.