A

Vətənə olan sevginin və həqiqi vətənpərvərliyin dəyəri necə ölçülə bilər?!

Əminliklə deyə bilərik ki, insanın öz ölkəsi, öz xalqı üçün gördüyü işlərlə. Danılmaz  bir həqiqət var: əməlsiz, Vətən üçün zəhmətsiz və töhfəsiz sevgi sevgi deyil. Eləcə də, doğma dilinə məhəbbəti, hörməti olmayanda “vətən sevgisi” də nə dərəcədə mümkündür?!

Məhz bu səbəbdən əsl vətənpərvərliyi  doğma dilə diqqət və sevgi olmadan təsəvvür etmək çətindir. İnsan öz dilinin şirinliyini və incəliyini duyduqca ona bağlanır.

Ana dilimiz bizim ən qiymətli sərvətimizdir. Dünyanın heç bir dili ilə biz öz fikir və hisslərimizin bütün çalarlarını  doğma dilimizdə olduğu qədər dolğun və səmimi ifadə edə bilmirik.

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Bununla yanaşı, bu dil dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla insanın ünsiyyət vasitəsidir. Bu gün Azərbaycan dilində danışanların sayı 30 milyondan artıqdır ki, bu da dilimizin nə qədər geniş coğrafiyaya və zəngin mədəniyyətə sahib olduğunu göstərir.

Əsrlər boyu bir çox dahi şair və yazıçılar məhz Azərbaycan dilində yazıb-yaratmış, bu dili poeziyanın, fəlsəfənin və ictimai düşüncənin zirvəsinə yüksəltmişlər. İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir və bir çox dahilərin irsi, yaradıcılığı dilimizin zənginliyinin canlı sübutudur.

Şuşada, Qubada və Şamaxıda səfərdə olmuş, Azərbaycan dilini öyrənmiş böyük rus şairi Mixail Lermontov yazırdı: “Fransız dili Avropada hansı əhəmiyyətə malikdirsə, Azərbaycan dili də Asiyada o qədər mühümdür.” Qriboyedovun, Puşkinin, Lermontovun və Lev Tolstoyun Qafqaz mövzusunda yazdıqları əsərlərdə Azərbaycan sözlərinin işlədilməsi təsadüfi deyildir.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ana dilinə göstərilən diqqət və qayğı daha da artdı. Azərbaycan dili yalnız xalqlar arasında ünsiyyət vasitəsi olmaqla kifayətlənmədi, eyni zamanda müstəqil dövlətin rəsmi dili, dövlətçiliyin əsas sütunlarından biri statusunu aldı.

Bu gün dilimizin gələcəyi birbaşa bizim məsuliyyətimizdədir. Biz yeni minillikdə, müstəqil və demokratik bir ölkədə yaşayırıq. Ən mühüm borcumuz yalnız bu günü deyil, sabahı da düşünməkdir. Güclü iqtisadiyyat qurmaq, müharibəyə və yoxsulluğa son qoymaq, inkişaf etmiş və firavan cəmiyyət yaratmaq, gələcək nəsillər qarşısında əsas vəzifəmizdir.

Bütün bu məqsədlərə aparan yol isə doğma Azərbaycan dilini dərindən bilməkdən, onu sevməkdən və inkişaf etdirməkdən keçir. Ana dilinə sahib çıxan xaiq öz dövlətini də qoruyar. Dilinə hörmət edən millət isə Azərbaycanı qüdrətli, müstəqil və çiçəklənən bir dövlətə çevirə bilər.

SƏİDƏ BABAYEVA,
UNEC-in Hərbi və xüsusi şöbəsinin müdiri.

TOP XƏBƏRLƏR