A

"Xalq qəzeti"

Azərbaycan müstəqillik qazandıqdan sonra yeni münasibətlər sisteminə qədəm qoydu və həmin illərdən etibarən ölkədə islahatlar qaçılmaz oldu. Doğrudur, islahatlar əsasən ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra start götürdü. Amma son illərdə, xüsusən 2019-cu ilin əvvəllərindən bəri Prezident İlham Əliyev tərəfindən genişmiqyaslı islahatlar paketi həyata keçirilməyə başlandı.

Bu ilin əvvəllərində Prezident İlham Əliyev birinci islahatlar paketini təqdim etdi. Dövlət başçısının  8 fevral 2019-cu il tarixli sərəncamı ilə minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı. Prezidentin 18 iyun 2019-cu il tarixli sərəncamı ilə ölkədə minimum əməkhaqqı sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırıldı. Bununla da bir il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılmasına nail olundu ki, bu da mühüm sosial uğur kimi əhalinin rifahına ciddi dəstək deməkdir.

Bundan əlavə, minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faiz üstələmiş oldu. Eyni zamanda, Azərbaycan Prezidentinin digər sərəncamları ilə başqa qrup vətəndaşların da əməkhaqqı əhəmiyyətli dərəcədə artırıldı.

Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq bu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması da nəzərdə tutulur. Bu artım 660 min pensiyaçını əhatə edəcək. Ümumilikdə isə, yeni qanunvericilik təşəbbüsü 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma gətirib çıxarır.

Təsadüfi deyil ki, dünən Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda da bu barədə söhbət gedib. Bildirilib ki, Azərbaycanda son islahatlar paketi 5 milyard manat həcmində olmaqla, 4 milyon insanı əhatə edir. Həmin tədbirdə də vurğulandığı kimi, bu gün Azərbaycan əhalisinin böyük əksəriyyəti ölkə başçısının həyata keçirdiyi islahatları birmənalı şəkildə dəstəkləyir. İnsanlarımız hər iki islahatlar paketini böyük inqilabi addım kimi dəyərləndirirlər. Prezident İlham Əliyev bu addımları ilə bir daha sübut etdi ki, əhalinin sosial rifahının yüksəlməsi onun siyasətinin ana xəttini təşkil edir və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. 

Vəkil HÜSEYNOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay