Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun elmi təşkilatçılığı ilə Türkiyə və Rusiyanın nüfuzlu universitetlərinin tədqiqatçıları ilə birgə dünyanın ən nüfuzlu beynəlxalq indeksləşdirmə sistemləri olaraq qəbul edilən “Scopus”, “Web of Science” bazalarına daxil olan və mühəndislik elmi istiqaməti üzrə reytinqi - CiteScore - Q1 olan “Energies” jurnalında (Energies 2022, 15, 6010. https://doi.org/10.3390/en15166010) “Tailored Blockchain Applications for the Natural Gas Industry: The Case Study of SOCAR (“Təbii qaz sənayesi üçün xüsusi uyğunlaşdırılmış blokçeynin tətbiqi: SOCAR-ın nümunəsi əsasında”) məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, təqdim olunan məqalə təbii qaz sektorunda blokçeyn texnologiyasının tətbiqini tədqiq edən ilk sistemli və ətraflı elmi-tədqiqat işidir.
Məqalədə - blokçeyn texnologiyasının iqtisadiyyatın müxtəlif sektorlarında tətbiqi və blokçeyn sisteminin qaz sənayesində istifadəsinin faydalılığı təhlil olunur və qiymətləndirilir. Tədqiqat işində blokçeyn texnologiyasının tətbiqinin məlumatların idarə edilməsinin optimallaşdırılması, əməliyyat xərclərini minimallaşdıracağı, yanlış qərar və fırıldaqçılığın qarşısını alacağı və texniki xidmət üzrə monitorinq işinin keyfiyyətini artıracağı elmi əsaslarla isbat olunur. Blokçeynə əsaslanan sistemin tətbiqi qaz sənayesində qazda sızmanın aşkarlanmasından tutmuş təbii qazın daşınmasına qədər prosesi izləmək imkanı verir.
Tədqiqat işində - SOCAR-da blokçeynə əsaslanan sistemin tətbiqinin nəticələrinin geniş təhlili verilir. Araşdırma zamanı müsahibə (müsahibələrdə SOCAR strukturuna daxil olan bir neçə rəhbər əməkdaş iştirak edib) və sorğu vasitəsilə təbii qaz sahəsində lider şirkətlərdən biri olan SOCAR-da blokçeynin tətbiqinin üstünlükləri, riskləri tədqiq olunub. Məqalənin hazırlanmasında SOCAR rəhbərliyi tərəfindən verilən anlayışlar, təcrübələr və gözləntilərə dair materiallardan istifadə olunub. Müəyyən edilib ki, təbii qaz sənayesində blokçeyn tətbiqi barədə fikirlər qaz sənaye mütəxəssisləri tərəfindən birmənalı olaraq qarşılanmır, yanaşmalar və fikirlər xeyli fərqlənir.
Tədqiqat işində - blokçeyn tətbiqi yüksək təminatlı izlənəbilirliyin şəffaflığına, yüksək audit keyfiyyətinə, təbii qazda sızmanın avtomatik aşkarlanmasına, öhdəliklərini yerinə yetirməyən tərəflərin izlənməsi haqqında, ticarət müqavilələrinin icrası ilə bağlı uyğunluq dərəcəsinin dəqiqliyinə yol acacağı isbat olunub.
Həmçinin tədqiqat işində SOCAR-ın blokçeyndən istifadəsinin potensial sahələri müəyyən edilib, blokçeynin tətbiqinin problemləri, riskləri və onların həlli yolları göstərilib.
Xatırladaq ki, “Energies” - enerji siyasəti, texnologiya, mühəndislik və idarəetmə mövzularında aparılan elmi-tədqiqat işlərin yayımlayan beynəlxalq nüfuzlu elmi nəşrdir. “Energies” dünyanın ən nüfuzlu beynəlxalq indeksləşdirmə sistemləri olaraq qəbul edilən “Scopus”, “Web of Science” bazasındadır və elmi nəşr CiteScore - Q1 (mühəndislik) reytinqinə malikdir.