A

"Xalq qəzeti"

İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında 2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmalarının 2021-ci illə müqayisədə 82,2 faiz artaraq 15 milyard 541,5 milyon manat təşkil etdiyini bildirib. Nazir bu dövr ərzində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların isə 27,9 faiz artaraq 8 milyard 134,9 milyon manat olduğunu vurğulayıb.

Qeydə alınan bu göstəricilər həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzibatçılığının və əlverişli biznes mühitinin gerçəkləşdirilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəldilməsinin nəticəsidir. Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımlar da mühüm önəm daşıyır.

Ümumiyyətlə, təhlillər göstərir ki, “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin “ağarması” prosesi sürətlənib. Bu, bəyan edilən dövriyyələrdə, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verib. Dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, iqtisadi artımın bərpasında vergi təşviq alətlərindən fəal istifadə, vergi ödəyicilərinə xidmətlərin çeşidinin və biznesin fəaliyyətinə səmərəli vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi vergi orqanlarının bundan sonra da fəaliyyətinin başlıca prioritetləri olacağına əminlik yaradır.  

Yeri gəlmişkən, xatırladaq ki, son illərdə respublikada “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin “ağarması” prosesinə xüsusi önəm verilib və bu amil daim diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyev çıxışlarının birində  ölkə iqtisadiyyatının inkişafına əngəl törədən problemlər sırasında “kölgə iqtisadiyyatı”nın mövcudluğunun ciddi narahatlıq doğurduğunu vurğulayıb. Ümumiyyətlə, dövlətimizin başçısı, yeri gəldikcə, sözügedən məsələyə münasibət bildirərək, bu sahədə aparılan mübarizənin müsbət nəticələrinə baxmayaraq, məlum narahatlıq yaradan vəziyyətin daim diqqətdə saxlanılacağını xatırladaraq deyib: “Kölgə iqtisadiyyatı, əlbəttə, hər ölkədə var, əsas məsələ onun həcmidir, dövlətin, hökumətin buna münasibətidir. Dövlətin və hökumətin buna münasibəti belədir ki, bu, Azərbaycanda olmamalıdır və bizim əlimizdədir ki, bu olmasın. Çünki texnologiyalar inkişaf edir, yeni nəzarət imkanları yaranır. Burada kölgə iqtisadiyyatı adlı mənfi faktor olmamalıdır, yaxud da minimuma endirilməlidir...”.

Ölkə rəhbərinin bu nitqindən ötən müddətdə respublikada həyata keçirilən uğurlu iqtisadi islahatlar, o cümlədən, nağd ödəmələrin məhdudlaşdırılması, vergi uçotundan yayınmaların aradan qaldırılması qeyri-formal məşğulluğun azaldılmasını və kölgə iqtisadiyyatına qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini şərtləndirib. Nəticədə yazının əvvəlində xatırlatdığımız kimi, büdcəyə daxil olan vəsaitlərin həcmi əvvəlki dövrlə müqayisədə xeyli artıb. Şübhəsiz ki, bu istiqamətdə görülən işlərin daimi xarakter daşıması gələcəkdə büdcəyə qeyi-neft-qaz sektorundan daxilolmalarda milyardlarla manat artımın qeydə alınacağını indidən şərtləndirib.

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert

Əvvəl onu qeyd edim ki, “kölgə iqtisadiyyatı”nın qarşısının alınması “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu isə mövcud sahədə yüksək nəticələrin əldə edilməsinə şərait yaradıb. Xüsusilə son dövrlərdə yeni əmək müqavilələrinin bağlanmasına xüsusi diqqət yetirilməsi “kölgə iqtisadiyyatı”nın ümumdaxili məhsuldakı payının azalmasına gətirib çıxarıb.

Bu məqamda onu da vurğulayım ki, beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizə və vergi məsələləri üzrə beynəlxalq tərəfdaşlıq çərçivəsində ən mühüm sənədlərdən biri Azərbaycan Respublikasının tərəfdar olduğu “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya”dır. Ümumi Hesabatlılıq Standartı (CRS) əsasında maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi həmin Konvensiyanın alətlərindən biri hesab edilir.

Azərbaycanın 2013-cü ildə “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a qoşulmaqla şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqində və qiymətləndirmə prosesində iştirak etməsi öhdəliyini öz üzərinə götürüb. Ölkə üzrə standartın praktiki tətbiqi ilə bağlı qiymətləndirmə isə 2021-ci ildə başlayaraq, ötən ilin sonunda tamamlanıb.

Beləliklə, İspaniya Krallığının Sevilya şəhərində keçirilən Qlobal Forumun 15-ci plenar iclasında qiymətləndirmə prosesinin yekunlaşdığı elan edilib və nəticələrə dair yekun rəsmi hesabat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının internet səhifəsində dərc olunub. Görülmüş işlər nəticəsində 99 yurisdiksiya üzrə aparılmış qiymətləndirmədə Azərbaycan Respublikasında beynəlxalq standartın yerinə yetirilməsi səviyyəsi ən yüksək reytinq balı (“on track”) ilə dəyərləndirilib.

Standartın praktiki tətbiqi üzrə qiymətlədirmədə maliyyə institutları ilə mütəmadi əlaqələrin qurulması, hesabların açılması zamanı beynəxalq müqavilələrin tələblərinə əməl edilməsi, mübadilə zamanı bütün tərəfdaş ölkələrin əhatə olunması və prosesin müvafiq standartlara tam uyğun aparılması kimi məsələlərə üstünlük verilir.

Şübhəsiz ki, mötəbər beynəlxalq təşkilat tərəfindən yüksək reytinqə layiq görülməsi Azərbaycanı beynəlxalq arenada məlumat mübadiləsi üzrə etibarlı tərəfdaş kimi tanınmasını şərtləndirəcək, ölkəmizin beynəlxalq maliyyə bazarlarına inteqrasiyası baxımından müsbət nəticələr verəcək, investisiya qoyuluşları üzrə cəlbediciliyin artırılmasına səbəb olacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay