A

modern.az

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasının müdiri, professor Əvəz Ələkbərov Modern.az saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Bildiyimiz kimi, 2023-cü il Heydər Əliyev ili elan olunub. Sizin bu illə bağlı hansı gözləntiləriniz var?

- Milli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, iqtisadiyyatı, mədəniyyəti və digər sahələrdə gördüyü işlər çox nəhəngdir və düşünürəm ki, hələ bu barədə çoxlu tədqiqat işləri və öyrənməli məqamlar çox olacaq.

2023-cü ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında böyük əmin-amanlıq, iqtisadiyyatın inkişafı, insanların sosial qayğısının həlli, islahatların gedişatının nəticəliliyini görürəm. Ermənistanla sülh sazişinin imzalanmasını bu il gözləyirik. Manatın digər valyutalara nisbətən stabilliyinə, valyuta ehtiyatlarımızın artımına nail olmağımıza ümid edirəm. Dövlət büdcəsinin mədaxil və məxaric üzrə yerinə yetirilməsini pozitiv qiymətləndirmək olar. Xarici dövlət borclarının azaldılması yolunda addımlar atıla bilər.

- Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlərlə bağlı nə deyə bilərsiniz?

- Davos İqtisadi Forumu ölkədə gedən iqtisadi islahatların, investisiya cəlbediciliyinin, Azərbaycanın günü-gündən artan imicinin beynəlxalq müstəvidə çatdırılması üçün yaxşı bir platformadır. Düşünürəm ki, Prezident İlham Əliyev çox məharətlə və işgüzarlıqla bu fürsəti əldən vermədi, ölkəmizdə gedən işlərlə bağlı dünya ictimaiyyətinə reallıqları və görülən işləri çatdırdı. Düşünürəm ki, bu bizim üçün çox vacib olan məqamdır və investisiyaların cəlb olunması baxımından ölkəmizə çox fayda gətirəcək.

- Ötən ilin dekabrında Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının bir qrup ziyalı nümayəndələri ilə görüşündə görüləcək işlərdən söz açmış, qarşıya ciddi tapşırıqlar qoymuşdu. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Dünya tarixini vərəqləsək, görərik ki, ermənilər əsrlər boyu Zənğəzur və Göyçədən azərbaycanlıları deportasiya etmişlər və bu deportasiyalar daim qanlı-qadalı olmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi indiki Ermənistan Respublikasının çox böyük bir hissəsində azərbaycanlılar yaşamışlar. Həmin yerlərdə bizim babalarımızın qəbirləri, məscidlərimiz, mədəniyyət evlərimiz, mülklərimiz, məktəblərimiz viran qoyulmuşdur. Gözəl çeşmələrimiz, yollarımız, meyvə bağlarımız darmadağın edilmişdir. Bu gün Azərbaycan dövlətinin və ictimayətinin bu məsələlərlə bağlı çağırışlarının beynəlxalq ictimaiyyətə çatdırılmasının obyektiv tələbləri var. Düşünürəm ki, Qərbi Azərbaycan İcması çoxlu tarixi faktların əldə olunması, coğrafi adların tapılması, demoqrafik situasiyanın dəyişməsi ilə əlaqədar çox saylı tədqiqat işləri görəcək, materiallar bir neçə dillərə tərcümə olunacaq və dünya ictimaiyyətinə çatdırılacaq. 

Yeri gəlmişkən, Qərbi Azərbaycanda bu vandalizmin səbəbkarı kimi ermənilərdən ciddi maliyyə vəsaiti – kompensasiya tələb etməliyik. Bir azərbaycanlı alim kimi və dövlət siyasətini bilən bir insan kimi bu işlərdə hər an dəstək verməyə hazıram və əlimdən gələn işləri görməyə sadiqəm.

- Sonda onu da soruşmaq istərdik ki, həm ali təhsillə, həm də çalışdığınız universitetlə bağlı gözləniləriniz nədir? Hansı yeniliklər ola bilər?

- Bildiyiniz kimi, bizim milli təhsilimiz beynəlxalq təhsil sisteminə inteqrasiya olunur. Əlaqələr günü-gündən artır, diplomların tanınması prosesi aktivləşir və adam başına maliyyələşməyə keçidin tətbiqi labüdləşir. İndi klasik iqtisadiyyatdan fərqli olaraq rəqəmsal iqtisadiyyat tələb və təklifin arasında fərqin tədricən aradan qaldırılmasına çağırış edir. Real sektorun universitetlərlə gündəlik əlaqəsinin olması günün əsas tələbidir. Maliyyə xidmətlərinin diversifikasiyası hər an baş verir. Bu baxımdan tədris, elm daha qabaqda getməlidir. Dünyada gedən iqtisadi proseslər fonunda elm və təhsil daha çevik olmalıdır. Bu baxımdan Azərbaycan Dövlət İqtisad Universiteti keyfiyyətcə yeni mərhələdədir. 

Düşünürəm ki, ən yeni tədris materiallarının ərsəyə gəlməsi, fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının daha da yaxşılaşdırılması üçün bu il işlərimiz çoxdur. İnanıram ki, 2023-cü ildə təhsilimizdə nəzərdə tutulmuş islahatların uğurla davam etdirilməsi və gənclərimizin ali təhsil müəssisələrinə seçimlərinin düzgün qiymətləndirilməsi ilə səciyyələndiriləcək. Bu işlərdə hamıdan aktiv UNEC-dir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay