A

“UNEC-in gənc müəllimləri” layihəsini davam edirik. Layihənin budəfəki iştirakçısı Aysel Musayeva-Qurbanovadır.

Gənc müəllimin sloqanı: “Qarşınıza çıxan maneələri məqsəd, inkişaf və rəqabətlə uğura çevirin!”

Aysel Musayeva-Qurbanova 2009-2013-cü illərdə Türkiyənin Ankara Universitetinin Beynəlxalq münasibətlər fakültəsində burs proqramı ilə bakalavr təhsili alıb.

2010-2013-cü illərdə Türkiyənin Yaponiya səfirliyində səfirin köməkçisi vəzifəsində çalışıb. 2011-ci ildə ilk dəfə azərbaycanlı qadın olaraq Japan Foundation jurnalında Azərbaycanın milli sərvətinin gələcək perspektifi haqqında elmi məqaləsi çap olunub.

2013-cü ildə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın East Anglia Universitetinin London Diplomatiya Akademiyasına qəbul olaraq, Beynəlxalq təhlükəsizlik və diplomatiya ixtisası üzrə magistr təhsili alıb. Təhsil aldığı müddətdə Belçikada NATO beynəlxalq təşkilatının Einsonower təqaüd proqramı çərçivəsində Beynəlxalq Hərbi Təhlükəsizlik şöbəsinin Cənubi Qafqaz bürosunda çalışıb.

2014-cü ildə Avropa İttifaqının Cənubi Qafqaz strategiyasında Qarabağ məsələsi mövzusu üzrə Belçikanın Vrije Universitetinin jurnalında elmi məqaləsi çap olunub.

2014-cü ildə Belçikada təşkil olunan Gənc Diplomatlar Zirvəsində ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə təşkil olunan görüşdə iştirak edib və prezident tərəfindən Gələcəyin Diplomatları mükafatına layiq görülüb.

2015-ci ildə Azərbaycan Respublikasının Prezident Administrasiyası tərəfindən təşkil olunan Böyük Britaniya məzunları zirvəsində Qarabağ Strategiyasında regional ölkələrin rolu üzrə məruzəçi qismində iştirak edib.

2015-ci ildən UNEC-də pedaqoji fəaliyyətə başlayıb, “politologiya” fənnini tədris edir. Eyni zamanda UNEC-in Beynəlxalq əməkdaşlıq departamentində beynəlxalq təşkilatlar və beynəlxalq layihələr üzrə mütəxəssisdir.

Yaponiya, Çin, Böyük Britaniya və digər ölkələrin təşkil etdikləri beynəlxalq konfranslarda elmi məqalələri çap olunub.

Beynəlxalq təhlükəsizlikdə Çin və ABŞ iqtisadiyyatının strategiyası üzrə hazırladığı təkliflər paketi elektron formatda ABŞ konqres kitabxanasında saxlanılır.

Londonun Gənc Diplomatlar Təşkilatının, Böyük Britaniyanın Chatham House - Beynəlxalq Əlaqələr üzrə Düşüncə Mərkəzinin, BP Enerji İnstitutunun və Beynəlxalq Yapon Fondunun üzvüdür.

İngilis, yapon, çin və rus dillərini bilir.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay