A

Elm festivalı çərçivəsində UNEC tərəfindən azərbaycan dilinə tərcümə olunmuş London İqtisadiyyat Məktəbinin professoru Paul De Grauvenin “Bazar hüdudları: Dövlət və bazar arasındakı iqtisadi rəqqas” adlı kitabının təqdimatı keçirilib.

BP-nin maliyyə dəstəyi ilə nəşr olunmuş kitabın təqdimat mərasimində çıxış edən tərcümə qrupunun rəhbəri, UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, bazarın və dövlətin qarşılıqlı əlaqələrinin təhlil olunduğu kitabda dövlət siyasəti və iqtisadi böhranların qarşısının alınması məsələlərinə dair dərin analitik baxış ortaya qoyulub. O, kitabın azərbaycan dilinə tərcümə olunmasının tədqiqatçılar, tələbələr və bu sahə üzrə ixtisaslaşan mütəxəssislər üçün bazar və dövlətin qarşılıqlı əlaqələrini dərindən öyrənməyə geniş imkan yaradacağını deyib.

BP-nin Xəzər bölgəsi üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bp kitabın tərcümə olunmasına dəstək göstərməklə, Azərbaycanda müvafiq sahə üzrə araşdırma aparan tədqiqatçılara və mütəxəssislərə bu önəmli mövzunu daha dərindən anlamağa və bu sahədə ölkədə tədqiqatlara əsaslanan innovativ iqtisadi strategiyaların işlənməsinə töhfə vermək məqsədi daşıyır. O, təqdimatın UNEC-in “Elm festivalı”nın bir hissəsi kimi keçirilməsinin bp-nin Azərbaycanda təhsil resurslarının genişlənməsinə və elmin inkişafına verdiyi əhəmiyyəti bir daha təsdiqlədiyini bildirib. B.Aslanbəyli xarici beynəlxalq nərşlərin azərbaycan dilinə tərcümə olunmasının Azərbaycanın terminoloji bazasını da zənginləşdirdiyini diqqətə çatdırıb.

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev UNEC-in beynəlxalq əhəmiyyətli kitabların çap edilməsində hər zaman öndə olduğunu bildirərək, tərcümə olunmuş yeni kitabın magistr, doktorant və iqdisadiyyat elmi ilə maraqlananlar üçün faydalı vəsait olacağını qeyd edib.

Kitabın elmi redaktoru, UNEC rektoru  professor Ədalət Muradov "Bazar Hüdudları: Dövlət və bazar arasındakı iqtisadi rəqqas" kitabının iqtisadiyyatın əsas prinsiplərinə dair önəmli məqamları özündə ehtiva etdiyini və əhəmiyyətini nəzərə alaraq, azərbaycan dilinə tərcümə olunduğunu bildirib. Rektor kitabın tərcümə və çap olmasında əməyi olan hər kəsə təşəkkürünü bildirərək, bu təşəbbüslərin davam etdiriləcəyini deyib. O, bp tərəfindən UNEC kitabxanasına hədiyyə edilən kıtabların tələbə və müəllimlər üçün əlçatan olduğunu bildirib.

Qeyd edək ki, layihəni Rəqəmsal Transformasiya Fondu həyata keçirib.

TOP XƏBƏRLƏR