A

Elm Festivalı çərçivəsində UNEC-in Scopus bazasında indekslənən “UNEC Journal of Engineering and Applied Sciences” (JEAS) adlı ilk elmi jurnalının və "UNEC Tələbə Tədqiqatları" ilk tələbə jurnalının təqdimatları keçirilib. 

Təqdimatda çıxış edən elm və innovasiyalar üzrə prorektor, professor Rövnəq Rzayev jurnalın mühəndislik və tətbiqi elmlər sahəsini əhatə etdiyini bildirərək, nəşrin Scopus tərəfindən 3 il müddətində heç bir irad olmadan indeksləndiyini diqqətə çatdırıb. O, jurnalın redaksiya heyətinin mühəndislik və tətbiqi elmlər sahəsi üzrə dünyanın müxtəlif ölkələrinin tanınmış alimlər heyətindən təşkil olunduğunu deyib. JEAS haqqında ətraflı məlumat verən prorektor may ayında jurnalın UNEC-in 95 illiyinə həsr olunmuş xüsusi buraxılışının işıq üzü görəcəyini bildirib. 

AzTU-nun professoru Əmdulla Mehrabov universitetlərin elmi fəaliyyətlərinin beynəlxalq bazalarda əks olunmasının əhəmiyyətindən danışaraq, UNEC-də son illərdə bu istiqamətdə mühüm irəliləyişlərin olduğunu deyib. O, UNEC jurnalının dünyanın nüfuzlu bazası olan Scopusda indeksləşməsini universitetin böyük uğuru adlandırıb. 

Təqdimatda çıxış edən rektor professor Ədalət Muradov UNEC jurnallarının beynəlxalq bazalarda indekslənməsinin, həmçinin tələbələri elmi fəaliyyətə təşviq etməklə onların elmin inkişafına töhfəsini təmin etməyin UNEC-in inkişaf strategiyasının əsas məqsədlərindən olduğunu deyib. Rektor elmin müxtəlif sahələri üzrə UNEC jurnallarının beynəlxalq bazalarda indekslənməsi istiqamətində işlərin uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, Tələbə Elmi Cəmiyyəti tərəfindən koordinasiya olunan ilk tələbə jurnalının gənclərin elmi fəaliyyətinə mühüm təkan verəcəyini və UNEC tələbələrinə gələcəkdə beynəlxalq elmi platformalarda öz tədqiqatlarını təqdim etmələri üçün geniş imkanlar yaradacağını vurğulayıb.

TOP XƏBƏRLƏR