Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalı çərçivəsində “UNEC elmi jurnallarının və konfrans materiallarının nüfuzlu beynəlxalq platformalarda indekslənməsi problemləri və həlli yolları” və “UNEC-də müxtəlif elm sahələri üzrə yeni elmi jurnalların yaradılması imkanları və perspektivləri” mövzusunda tədbir keçirilib.
Tədbirin açılışında UNEC-in Elm və innovasiyalar məsələləri üzrə prorektoru professor Rövnəq Rzayev çıxış edərək, universitetdə nəşr olunan elmi jurnallar haqqında ümumi məlumat verərək, jurnalların mövcud vəziyyətini müvafiq struktur rəhbərləri ilə müzakirə edib.
Sonra UNEC Biznes Məktəbinin (MBA) direktoru dosent Nazim Hacıyev, İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun (İAETİ) direktoru professor Yadulla Həsənli, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri dosent Tural Nağıyev təqdimatlarla çıxış edərək, UNEC-də nəşr olunan jurnalların mövcud vəziyyəti haqqında danışıb, qarşıya qoyulan hədəflər, problemlər və görülən işlər barədə məlumat veriblər.
Görüş çərçivəsində UNEC-də müxtəlif elm sahələri üzrə yeni elmi jurnalların yaradılması imkanları və perspektivləri müzakirə edilib. beynəlxalq indekslənmə məsələlərinin vacibliyini vurğulayaraq bu istiqamətdə davamlı və məqsədyönlü fəaliyyətin önəmini qeyd ediblər.
Sonda bir sıra praktik təkliflər səsləndirilib, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.