A

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda (İAETİ) Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan Nazirlər Kabinetinin iclasına dair, eyni zamanda qeyri-neft ixracatçılarının respublika müşavirəsindən irəli gələn məsələlərlə bağlı elmi seminar keçirilib. Müzakirələrə institutun alimləri, UNEC-in professor-müəllim heyəti ilə yanaşı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı da qatılıb.

Əvvəlcə İAETİ böyük elmi işçisi, iqtisad üzrə fəsləfə doktoru Fərhad Mikayılov birinci rüb ərzində ölkənin sosial-iqtisadi inkişafına dair təqdimatla çıxış edib. Bildirib ki, bu ilin ilk rübündə ixracın həcmi 50 faiz yüksəlib, qeyri-neft ixracınında 10 faizlik artım qeydə alınıb. İdxalda 17 faiz azalma olub.

Məsələyə münasibət bildirən İAETİ-nin direktoru, professor Yədulla Həsənli deyib ki, qeyd edilən statistik göstəricilər bu dövr ərzində ölkədə qeyri-neft sektorunun inkişafı sayəsində ixracı əvəz edəcək məhsulun həcminin artımına və dünya bazarına çıxış imkanları genişlənməsinə səbəb olub.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsinə də diqqət çəkən İAETİ-nin direktoru bildirib ki, ölkədə qeyri-neft ixracının stimullaşdırılması və xarici ticarət üzrə kadr hazırlığının təkmilləşdirilməsi məqsədi ilə UNEC-də Tədbirlər Planının hazırlanmasına başlanınlıb. Sənəd qeyri-neft məhsullarının ixracı istiqamətində fəaliyyətləri özündə cəmləşdirəcək mərkəzin yaradılmasını, beynəlxalq bazarların araşdırılması işinin təşkili, universitetdə ixracyönümlü tədris planlarına yer ayrılması, ixracatçılara metodiki dəstəyinin göstərilməsi, Magistratura Mərkəzində, UNEC Biznes Məktəbində, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində mütəxəssislərin hazırlanması, yeni ixtisasların yaradılmasını ehtiva edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd olunan dövrdə əldə olunan uğurlardan, xüsusən qeyri-neft sektorunun inkişafı, ixrac potensialının artırılmasına yönələn tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, 2017-ci ilin ilk rübündə iqtisadiyyatın bir sıra sahələrində geriləmə aradan qaldırılaraq, artıma nail olunub. Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət sayəsində bu artım növbəti dövrlər üzrə də davam edəcək. V.Qasımlı “Azərbaycan Respublikasının Milli İqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini də şərh edib.

Sonda ölkədə qeyri-neft ixracının təşviq edilməsi, ixracatçı şirkətlərə dəstək məqsədi ilə xarici bazarların araşdırılması üçün İAETİ-də genişmiqyaslı elmi-tədqiqat işlərinin aparılmasına dair müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar mərüzəçilər tərəfindən cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay