UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu (İAETİ) elmi seminar keçirib.
Seminarda İAETİ-nin elmi katibi Rafail Rzayev “Tədrisin nəticələrinin qiymətləndirilməsinin təhsilin keyfiyyətinin yüksəldilməsində rolu” mövzusunda təqdimatla çıxış edib.
Təhsilin keyfiyyətini müəyyən edən amillərdən danışan R.Rzayev bu amillərin təhsilin keyfiyyətindəki rolu qeyd edib. O, qiymətin funksiyaları, qiymətləndirmə ilə tədrisin məqsədləri arasındakı əlaqələri açıqlayaraq, dünya ölkələrinin qiymətləndirmə sistemləri və meyarları barədə məlumat verib. Təhsilin nəticələrinin qiymətləndirilməsində mövcud olan qiymət inflyasiyasının dünyada mühüm problemlərdən biri olduğunu vurğulayıb.
Məruzəçi qeyd edib ki, təhsilin nəticələrinin qiymətləndirilməsinin keyfiyyətin yüksəlməsinə təsir etməsi üçün qiymətləndirmə meyarlarında daha çevik və effektiv formalardan istifadə olunmalıdır.
Təqdimatdan sonra müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər səsləndirilib.