A

UNEC-in “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasında “İnformasiya resurslarından istifadə problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.

“Elmi-tədqiqat ili” çərçivəsində keçirilən konfransda Texnologiya və dizayn fakültəsinin rəhbərliyi, kafedranın professor-müəllim heyəti və tələbələr iştirak edib. Kafedranın dosenti Təranə Əliyeva konfransın inkişaf etmiş informasiya cəmiyyətinin məhsulu olan informasiya resurslarından istifadədə qarşılaşdığımız problemlər və onların həll üsulları ətrafında çox aktual bir mövzuya həsr olunduğunu bildirib.

“Prima” Menecment Konsaltinq şirkətinin İT İdarəçilyi və İnformasiya təhlükəsizliyi üzrə rəhbəri İlqar Əliyev “İnformasiya resurslarının idarə edilməsi mərhələlərinin riskləri” mövzusunda çıxış edib. O, informasiya resurslarının təşkili mərhələlərini – onun planlaşdırılması və dizaynı, əldə edilməsi və tətbiqi, istifadəsi, dəstəklənməsi və saxlanması, qiymətləndirilməsi, monitorinqi və uyğunluğu məsələlərini müfəssəl izah etməklə yanaşı praktikada bu mərhələlərin icrası ilə əlaqədar baş verən problemli hadisələrin idarə edilməsi, informasiya təhlüksəzliyinin təmin edilməsi və kibertəhlükələrə qarşı cavab tədbirlərinin tətbiqi ilə bağlı məsələləri şərh edib.

“İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının gənc müəllimi İlkin Əzizov “Bulud hesablamada istifadə edilən MultiKirayəçi Məlumat mərkəzlərində şəbəkə təhlükəsizliyinin təmin edilməsi metodları” mövzusunda çıxış edib. O, bulud texnologiyalarının yaranması və ondan istifadə məqsədləri, ötürülən məlumatların tamlığı və onlara müdaxilə, məlumat köçürülməsi zamanı bulud provayderinə zərər yetirilməsi, bulud istifadəçisinə aid hesab əldə edilərək bağlı olduğu xidmətlərə və qaynaqlara girişin əldə edilməsi haqqında geniş məlumat verib. Son dövrdə çox geniş yayılmış bir texnologiya vasitəsilə informasiya resurslarından istifadədə yaranan problemlərdən bəhs edib.

“Respublikada kənd təsərrüfatında informasiya resurslarından istifadənin cari durumu” mövzusunda isə kafedranın müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Ülviyyə Rzayeva çıxış edib. O, aqrar iqtisadiyyatda informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiq problemləri və respublikada fəaliyyət göstərən texnoloji avadanlıqları istehsal edən müəssisələrin fəaliyyəti haqqında məlumat verib. Ü.Rzayeva “texnoloji inqilabın” baş verməsinə maneə olan amilləri sadalamaqla mövcud problemlərin özəyinin fermerlərin yaşında, İKT biliklərinin aşağı səviyyəsində, yeni texnologiyaların qəbul edilməsinə qarşı şüurlara olan müqavimətdə hesab etdiyini vurğulayıb. O, bu sahənin inkişafı üzrə respublikada görülən işlərdən bəhs edərək “Elektron kənd təsərrüfatı” informasiya sisteminin elektron resursunun şəbəkədə fəaliyyət göstərməsinə baxmayaraq zəruri olan məlumatların marağında olan şəxslərə tam həcmdə təqdim edilmədiyini açıqlayıb.

Məruzələr çox maraqla qarşılanıb. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar elmi və praktiki cəhətdən əsaslandırılaraq cavablandırılıb. Kafedranın professoru, iqtisad elmləri doktoru Arzu Hüseynova və kafedranın müəllimi Arzu Əbilova bulud texnologiyalarının tətbiqi ilə yanaşı informasiya təhlükəsizliyi məsələlərinin tənzimlənməsi və bu sahədə problemlərin aradan qaldırılma imkanları barədə fikirlərini bölüşüb.

Sonda Texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov çıxış edərək kafedra rəhbərliyinin informasiya resurslarından istifadə olunması zamanı ortaya çıxan kibertəhlükəsizlik problemlərinin həlli ilə bağlı geniş nformasiya əldə etmək üçün gələcəkdə “Prima” Menecment Konsaltinq şirkətinin İT İdarəçilyi və İnformasiya təhlükəsizliyi üzrə rəhbəri İlqar Əliyevin və bu sahə ilə digər qabaqcıl təşkilatların mütəxəssislərinin iştirakı ilə mühazirələrin keçirilməsi təklifinə öz müsbət münasibətini bildirib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay