UNEC Tələbə Elmi Cəmiyyəti İqtisadiyyat fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tədqiqatçı Gənclərin Beynəlxaq Konfransı keçirilmişdir.
Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə yanaşı Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti və Türkiyə Cümhuriyyəti Selcuk Universitetinin (videokörpü vasitəsilə) tələbələri qatılmışdır.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır. Konfransın plenar iclasını fakültənin dekanı dosent Asiman Quliyev giriş nitqi ilə açdı. Çıxışlardan öncə konfransın təşkilində fəal iştirak edən müəllim və tələbə heyətinə, o cümlədən sponsorlara təşəkkürnamələr təqdim edildi. Plenar iclası öz çıxışları ilə Absheron Hotel Group, Gəlirlər və Biznesin İnkişafı üzrə Qrup Direktoru Bahar Qəniyeva, “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri i.e.d., professor Məhiş Əhmədov, Fakültə Valideynlər Şurasının sədri Aidə Bəndəliyeva, UNEC TEC rəhbəri dosent Emin Qəribli, TEC İqtisadiyyat fakültəsinin sədri Mirlazım Dadaşov davam etdirdilər.
Fasilədən sonra konfrans öz işini yeddi bölmə (Beynəlxalq iqtisadiyyat, İqtisadiyyat və Maliyyə, İqtisadiyyat, Beynəlxalq münasibətlər, Ekologiya, Turizm və otelçilik, Humanitar elmlər) üzrə davam etdirmişdir. Bölmə iclasları tələbələrin maraqlı çıxışları ilə yadda qaldı. İclasın sonunda konfransda iştirak edən tələbələrə sertifikatlar və konfransın tezis materiallarının çap olunduğu kitabı təqdim olundu.