A

“Elm həftəsi” çərçivəsində UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin “Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri” mövzusunda ilk tədbiri təşkil olunub.

Rektor, professor Ədalət Muradov bildirib ki, tədbirdə UNEC Ermənistan iqtisadiyyatının araşdırma mərkəzinin apardığı təhlillərin nəticələri açıqlanacaq və bu istiqamətdə müzakirələr aparılacaq. Əsas məqsəd Ermənistanın mövcud iqtisadi durumunu və gələcək  iqtisadi inkişafını  araşdırmaq və müvafiq dövlət qurumlarını və ictimaiyyəti bu barədə məlumatlandırmaqdır. Ermənistan iqtisadiyyatının Azərbaycan iqtisadiyyatından müqayisəolunmaz dərəcədə zəif olduğunu bildirən Ədalət Muradov Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün dünyaya bəyan etdiyi “Qarabağ Azərbaycandır!” tezisinin tədqiqatlarda əsas tutulacağını diqqətə çatdırıb.

UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) Ermənişünaslıq bölümünün rəhbəri, professor Qafar Mehdiyev Ermənistan iqtisadiyyatı ilə bağlı araşdırmaların aparılması ideyasını alqışldığını bildirib. Ermənistanın iqtisadiyyatının öyrənilməsinin vacibliyindən danışan mərkəz rəhbəri iqtisadiyyatın tarixinə qısa nəzər saldı. Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) tikintisinə diqqət çəkən məruzəçi, ölkə enerjisinin 40%-ni təmin edən AES-in istismar müddətinin başa çatdığını, lakin ermənilərin süni şəkildə bu stansiyanın fəaliyyətini davam etdirməyə çalışdıqlarını bildirib. Q.Mehdiyev Ermənistanın Dağlıq Qarabağ və Azərbaycanın digər rayonlarının işğalı nəticəsində regionda reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı beynəlxalq layihələrdən kənarda qaldığını, kredit ödəmə qabiliyyəti olmadığı üçün iqtisadi əməkdaşlıq edə bilmədiyini bildirən professor, Ermənistan iqtisadiyyatının 75%-nin Rusiyanın payına düşdüyünü deyib.

Çıxışdan sonra mövzu ilə bağlı suallar səsləndirilib. UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadənin Ermənistana xarici dövlətlər tərəfindən göstərilən maddi və sosial yardımların ÜDM-dəki payı, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlının Ermənistan dövlətinin xarici borcu və ödəmə mexanizmləri, professor Şahlar Əsgərovun təhsilin və elmin iqtisadiyyatdakı rolu, UNEC-in müəllimi Nazim Cəfərovun Dağlıq Qarabağ münaqişəsinin Ermənistan iqtisadiyyatına təsiri ilə bağlı suallar cavablandırılıb.

Millət vəkili Flora Qasımova Ermənistan iqtisadiyyatının araşdırılmasının vacibliyindən danışıb. UNEC-in böyük elmi potensialı ilə bu istiqamətdə böyük töhfələr vericəyini və ictimaiyyətə həqiqətlərin çatdırılacağını vurğulayıb.

Tədbir müzakirələrlə davam edib. “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov ermənilərin vaxtilə Azərbaycanda böyük iqtisadi gücə sahib olduqlarını diqqətə çatdıraraq, onların sonradan bu güc sayəsində Azərbaycana qarşı soyqırımı və işğalçılıq siyasəti həyata keçirdiklərini bildirib, “Trend” İnformasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev Ermənistan əhalisinin orta əmək haqqının məbləğini, işsizlik faizini və Rusiyadan hər il əldə etdiyi gəlirləri, UNEC-in prorektoru, professor Sakit Yaqubov bəzi inkişaf göstəricilərini açıqlayıb.

Müzakirələrdən sonra təkliflər səsləndirilib.

Rektor Ədalət Muradov UNEC Eksterndə iqtisadçı tədqiqatçılar üçün erməni dilinin distant tədrisinə başlanılacağını, Ermənistan iqtisadiyyatında baş verənləri müzakirə etmək məqsədilə UNEC-də Debat klubun yaradılacağını, Ermənistan iqtisadiyyatı ilə bağlı rus, ingilis və erməni dillərində Məlumat bazasının formalaşdırılacağını və tədqiqatçıların həmin bazadan sərbəst istifadəsinin təmin ediləcəyini bildirib. Ermənistan iqtisadiyyatının təhlillərini aparacağını bildirib. Həmçinin Ermənistan iqtisadiyyatı ilə bağlı beynəlxalq tədbirlərdə UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin tədqiqatçılarının təmsil olunmasının vacibliyini diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR