A

Dəfələrlə qeyd edildiyi kimi, ölkə qarşısında duran ən mühüm məsələ qeyri neft sektorunun inkişafıdır.

Son dövrlərin hadisələri də göstərir ki, bu problemin həll olunmaması Azərbaycan üçün çox ciddi təhlükələr yarada bilər. Bu gün pandemiya ilə əlaqədar dünyada gedən proseslər də neftdən asılılığın nə qədər təhlükəli bir hal olduğunu bir daha göstərir.

Neftin qiymətinin kəskin enməsi Azərbaycanın ixracının və deməli ölkəyə valyuta daxilolmalarının kəskin azalması deməkdir ki, bu da nəticədə manatın devalvasiyası, rifahın kəskin düşməsi kimi nəticələrə gətirib çıxara bilər.

Biz əvvəllər də qeyd etmişdik ki, qeyri neft sektorunun və müvafiq olaraq qeyri neft ixracının artırılmasının mühüm istiqamətlərindən biri transmilliləşmə, ölkəyə xarici iri Transmilli Korporasiyaların (TMK) cəlb edilməsidir. Bu gün bütün dünyanı bürüyən qlobal böhran problemlər doğurmaqla bərabər həm də bu istiqamətdə müəyyən imkanlar yaratmışdır ki, fikrimizcə bu imkanlardan istifadə etmək lazımdır.

Belə ki, hökumətləri TMK-ların istehsalı Çinə keçirməklə bu ölkələr üçün necə ciddi problemlərin yaranmasına diqqət yetirməyə başladılar. Birinci olaraq ABŞ-da həyəcan təbili çalındı. Fevral ayında məlum oldu ki, antibiotiklərin 97%-i, mühüm dərman  preparatlarının istehsalı üçün əsas komponentlər Çindən idxal olunur. Hətta ABŞ prezidentinin iqtisadi məsləhətçisi Geri Kon belə ifadə işlətdi: “Əgər siz çinlisinizsə və həqiqətən bizi məhv etmək istəyirsinizsə sadəcə bizə antibiotik göndərməyi dayandırın”. 

Yaponiya, Böyük Britaniya, Cənubi Koreya, Almaniya, Fransa da eyni fikirdədir. Artıq bu təhlükəni başa düşən qərb dövlətləri öz TMK-larına istehsalı ölkələrinə qaytarmağı təklif edirlər.

Ancaq bu da faktdır ki, iri şirkətlər öz ölkələrində Çindəki kimi yüksək gəlirlər əldə edə bilməyəcəklərini başa düşürlər və istehsalı öz ölkələrinə yox, Çindən kənarda  digər ölkələrə - Vyetnama, Taylanda keçirirlər. Bu proses artıq başlayıb. Samsunq  artıq 2014-cü ildən istehsalı Vyetnama keçirib. Apple, Google və Microsoft kimi nəhənglər də son bir neçə ayda tədricən istehsalı bu iki ölkəyə keçirməkdədirlər. Luis Kasal nəşrinin şərhçisinin qiymətləndirmələrinə görə bu şirkətlər 2021-ci ilin sonuna qədər tamamilə Çindən çıxacaqlar.

Belə şəraitdə əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan üçün də unikal fürsət yaranıb. Əgər bir neçə nəhəng yüksək texnoloji TMK-nın ölkədə filiallarının yaradılmasına nail olunarsa  bu qeyri neft sektorunu tez bir müddətdə dirçəltməyə və ixracı  əhəmiyyətli dərəcədə artırmağa imkan verər. Nəzərə almaq lazımdır ki, Çərq-Qərb və Şimal Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan öz məhsullarını Asiya və Avropada satmaq istəyən Şirkətlər üçün çox cəlbedicidir. Sadəcə olaraq təxirə salmadan bu cür şirkətlərlə əlaqələr yaratmaq, onlara mümkün olan bütün əlverişli şəraiti yaratmaqla onları ölkəyə cəlb etmək lazımdır.

Onu da xüsusi qeyd etmək lazımdır ki, əgər biz bu işi görməsək, eyni coğrafiyada yerləşən Ermənistan və Gürcüstan bizi qabaqlaya və bu imkandan istifadə edə bilər ki, bu da ölkəmizin Qafqazdakı lider mövqeyinin itirilməsinə səbəb ola bilər.

İAETİ-nin elmi katibi Rafail  Rzayev

TOP XƏBƏRLƏR