UNEC-də millət vəkili, tanınmış iqtisadçı alim, “Şöhrət” və “Şərəf” ordenli akademik Ziyad Səmədzadənin 80 illik yubileyinə həsr edilmiş virtual sərgi hazırlanıb.
Virtual sərgidə akademikin mühüm elmi araşdırmalarının məhsulu olan, Azərbaycan və rus dillərində nəşr edilmiş monoqrafiyaları nümayiş olunub.
Mütərəqqi iqtisadi ideyaların daşıyıcısı və təbliğatçısı, nüfuzlu iqtisadçı alim, bacarıqlı təşkilatçı kimi tanınan akademik Ziyad Səmədzadə 500-dən çox elmi əsərin, o cümlədən bir sıra sanballı elmi araşdırmaların, dəyərli monoqrafiyaların müəllifidir. Respublikada iqtisad elminin aparıcı istiqamətlərinin yaranması, formalaşması və inkişafı, bütövlükdə Azərbaycanın xalq təsərrüfatında əmək məhsuldarlığının dinamika və səviyyəsi, onun əsas amillərinin sistemli təhlili, iqtisadiyyatda struktur irəliləyişləri ilə qarşılıqlı əlaqəsinin dərin təhlili, iqtisadi tərəqqi faktorları barədə dolğun elmi konsepsiyanın formalaşması da akademik Ziyad Səmədzadənin fəaliyyəti ilə bağlıdır.
UNEC-in müxtəlif layihələrində və mühüm tədbirlərində hər zaman yaxından iştirak edən, dəyərli fikirləri və strateji proqram xarakterli çıxışı ilə gənclərə örnək olan alimin iqtisadi inkişafın, milli gəlirin, əmək ehtiyatlarının, makroiqtisadiyyat, regional və bazar iqtisadiyyatının səmərəlilik problemlərinin tədqiqinə həsr edilmiş sanballı monoqrafiyaları iqtisad elminə layiqli töhfələrdir.
Millət vəkili kimi respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, iqtisadi innovasiyaların inkişafı və s. məsələlərin həllində fəal iştirak edən akademik səriştəli iqtisadçı kadrların hazırlanmasında, yüksəkixtisaslı elmi tədqiqatçıların yetişdirilməsində də mühüm xidmətlər göstərmiş, onun elmi rəhbərliyi ilə 50-dən çox namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.
Görkəmli akademik Ziyad Səmədzadəni yubiley münasibətilə UNEC kollektivi adından ürəkdən təbrik edir, ona uzun ömür və möhkəm cansağlığı diləyirik!