UNEC-də “Strateji inkişaf planlaşdırılmasının təkmilləşdirilməsi” mövzusunda virtual müzakirələr keçirilib.
Strateji inkişaf üzrə prorektor, professor Mirdaməd Sadıqovun rəhbərliyi ilə keçirilən müzakirələrdə Zaqatala filialının direktoru, professor Orucəli Rzayev, universitetin nəzdində fəaliyyət göstərən İAETİ-nin direktoru, professor Yadulla Həsənli, dekanlar, kafedra müdirləri və digər striktur bölmə rəhbərləri iştirak ediblər.
Tədbirdə professor Mirdaməd Sadıqov təhsilin dövlətin strateji inkişafındakı rolundan bəhs edib, dünyanın bir çox inkişaf etmiş ölkələrinin bu istiqamətdə təcrübəsini paylaşıb. UNEC-də müasir təhsil texnologiyalarına əsaslanan bazanın, güclü elmi-pedaqoji potensialın olduğunu diqqətə çatdıran prorektor, universitetdə fəaliyyət göstərən strukturların strateji inkişafının təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Ö, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın, eləcə də “UNEC-100” İnkişaf Strategiyasının bu istiqamətdə qarşıya qoyduğu vəzifə və məqsədlərdən danışıb.
Sonra iştirakçılar rəhbərlik etdikləri qurumların inkişaf strategiyalarının mövcud vəziyyəti barədə çıxış ediblər. Professor-müəllim heyətinin elmi-pedaqoji potensialının yüksəldilməsi, tədrisdə məzmun-keyfiyyət dəyişikliyinin artırılması, maddi-texniki bazanın müasir standartlara uyğun yenidən qurulması və təkmilləşdirilməsi, eləcə də elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, tələbə kontingentinin formalaşdırılması, beynəlxalq əlaqələr istiqamətində fəaliyyətin perspektiv inkişafı ilə bağlı təkliflər dinlənilib. Mövcud vəziyyət və strateji inkişaf planlarının əhəmiyyətliliyi nəzərə alınaraq, icra mexanizminin daha çevik işləməsi məqsədilə “Strateji planlaşdırma və inkişaf” şöbəsinin açılmasının zəruriliyi barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda prorektor Mirdaməd Sadıqov struktur rəhbərlərinə öz səlahiyyətləri və fəaliyyət dairələri çərçivəsində inkişaf strategiyaları barədə qısa, orta, uzun müddətli dövrləri əhatə edən daha ətraflı və təkmil təkliflərin hazırlanması ilə bağlı tapşırıq verib.