Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “İnnovativ sahibkarlığın mikro və makro aspektləri” mövzusunda onlayn seminar keçirilib.
Seminarı giriş sözü ilə Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova açıb və seminarın təşkil olunmasında göstərdikləri dəstəyə görə məruzəçilərə və iştirakçılara təşəkkürünü bildirib.
Seminarın moderatoru Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri dos. Altay İsmayılov dünya təcrübəsində iqtisadi inkişafa istiqamətlənmiş modellərin və dövlət təşviqlərinin zaman keçdikcə dəyişərək yeni modellərin yaranmasına gətirib çıxartdığını bildirib. Bazar iqtisadiyyatı şəraitində hər bir ölkənin rəqabət mühitində mövqeyini qoruması üçün yeni innovativ məhsul istehsal etməli olduğunun zəruriliyindən söz açan Mərkəz rəhbəri, buna yalnız innovasiya fəaliyyətini genişləndirməklə nail olunmasından söz açıb.
İnnovasiya Agentliyi İdarə Heyətinin üzvü Fariz Quliyev Azərbaycanda innovativ sahibkarlığın formalaşması və inkişafında dövlət tərəfindən innovasiyaların təşviqini stimullaşdıran fəaliyyət proqramlarından söz açıb, innovativ sahibkarlığın dövlət və cəmiyyət qarşısında yaratdığı çevik strateji çağırışları seminar iştirakçılarının diqqətinə çatdırıb.
İnnovativ sahibkarlığın təsnifatını açıqlayan Lütfi-Zadə Texnologiya Mərkəzinin rəhbəri İmran Bağırov, bu sahibkarlığın inkişafında kiçik və orta sahibkarların qarşılaşdığı problemlərdən söz açıb, onların aradan qaldırılması istiqamətində innovasiya yönümlü inkişaf strategiyalarını bölüşüb.
Almaniyanın Darmştat Texniki Universitetinin tədqiqatçısı Nail Tahirov isə yeni erada istehlak davranışları və şirkətlərin dəyişən satış anlayışlarından, qlobal e-ticarət şəbəkələrindən, innovativ məhsulların satış və paylanma kanallarından, multikultural paylama strategiyalarının planlanması və idarə olunması proseslərindən söz açıb.
Seminarin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və təkliflər səsləndirilib.
Seminar UNEC Tədqiqat Mərkəzlərinin rəsmi facebook səhifəsindən canlı yayımlanıb.