A

"Xalq qəzeti"

UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimovanın “Xalq qəzeti”nə müsahibəsi:

-Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) inklüziv şəraitin yaradılması və sağlamlıq imkanları məhdud olan tələbələr üçün ali təhsil səviyyəsinin əlçatanlılığının yüksəldilməsi məqsədilə 2015-ci ildə İnklüziv Təhsil Mərkəzi yaradılıb. Hazırda bu istiqamətdə çox böyük nailiyyətlər əldə edilib.

Mərkəzin yaradıldığı ilk dövrdə universitetdə cəmi 26 nəfər əlilliyi olan gənc qiyabi təhsil alırdısa, hazırda təkcə əlillik yox, digər kateqoriyadan olan, həssas təbəqəyə aid 200 nəfərdən çox tələbə inklüziv təhsilə cəlb olunub. Mərkəz ümumi auditoriyalarda, hamı ilə birgə təhsil alan tələbələrin keyfiyyətli təhsil almasına yardımçı olmaqla, onların universitet həyatına tam inteqrasiyasına dəstək göstərir. Universitetin 3 saylı tədris binasında əlilliyi olan şəxslərin rahat bir şəkildə bütün imkanlardan yararlana bilmələri üçün hər cür şərait yaradılıb.

UNEC-də Psixoloji Mərkəz, İnklüziv Təhsil Fondu da yaradılıb, yardıma ehtiyacı olanlar həmin qurumlara yönləndirilir.

Valideynlər bu cür tələbələrin həyatında vacib rol oynadıqları üçün onlarla da sosial iş aparırıq. Tədrisdə də bir çox yeniliklər tətbiq olunur. Məsələn, fərdi təhsil trayektoriyası çərçivəsində audio-dərslik, audio-mühazirələr təşkil edilir. Əlilliyi olan tələbələr üçün əlavə dərslərin keçirilməsi, üzrlü səbəbdən universitetə gəlməyənlərin evdən onlayn dərsə qoşula bilməsi üçün imkanlar yaradılır. 

UNEC-də əlilliyi olan tələbələr arasında ikili diplom və mübadilə proqramlarının iştirakçıları da var. Erasmus+ beynəlxalq mübadilə proqramı çərçivəsində əlilliyi olan bir neçə tələbə Avropa universitetlərində təhsil alıb.

Əlilliyi olan gənclərin xüsusi bacarıqlarının üzə çıxarılmasına verilən dəstək sayəsində tələbələr arasında şairlər, yazıçılar, rəssamlar, riyaziyyatçılar, peşəkar İT mütəxəssislər də yetişir. 2018-ci ildə UNEC-in təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün təşkil edilən əmək yarmarkasında 1200-dən çox ali təhsili olan gənc iştirak edib, onlardan 108-i əmək fəaliyyətinə cəlb olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay