“Xocalı soyqırımının otuz üçüncü ildönümünün keçirilməsi barədə”Azərbaycan Respublikası Elm və Təhsil nazirinin, UNEC rektorunun və UNEC-in nəzdində Sosial İqtisadi Kollecinin direktorunun imzaladığı Tədbirlən Planının icrası ilə əlaqədar olaraq UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə Xocalı soyqırımına həsr olunmuş “Xocalı – səni heç vaxt unutmarıq” adlı tədbir keçirildi.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Kollecin tarix müəllimi Məhsəti Səfiyarlı çıxış edərək bildirdi ki, xalqımızın tarixinə faciə kimi daxil olmuş Xocalı soyqırımından 33 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qətl hadisəsi, Ermənistanın işğalçılıq siyasətinin nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisidir. Həmin gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib.
Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansızcasına qətlə yetirilib, 1275 nəfər əsir götürülüb.
Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamların ən qeyri-insani olanı və dəhşətlisidir. Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırım siyasətinin davamıdır. Erməni təcavüzkarlarının törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir.
Çıxışının sonunda Məhsəti müəllim bildirdi ki, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca səfərbər və tək yumruq oldu. Biz illərdir bu anı gözlədik. Xocalının intiqamını bu birliyimizlə aldıq və Ermənistana layiq olduğu yeri göstərdik.
UNEC-in nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov çıxışında qeyd etdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və Şanlı ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılan Zəfərlə Xocalı şəhidlərinin qisası alınmışdır.
Azərbaycan xalqının qarlı, qiyamətli bir gündə baş vermiş bu faciəni heç vaxt unutmayacağını söyləyən Ş.Laçınov bildirdi ki, xalqımız həmişə Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutur, törədilmiş bu qətliamın ideoloqlarını, təşkilatçılarını və icraçılarını nifrətlə lənətləyir. İkinci Qarabağ müharibəsində qisası alınan Xocalı şəhidləri daim qəlblərdə yaşayacaq.
Tədbirin sonunda Kollecin Tələbə Gənclər Təşkilatı tərəfindən hazırlanan Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunmuş, tələbələr tərəfindən Xocalı soyqırımına həsr olunmuş şeirlər və kompozisiyalar səsləndirildi.