A

azedu.az

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dünya İqtisadi Forumunun Qurucusu və İcraçı sədri Klaus Şvabın “Dördüncü Sənaye İnqilabı” kitabını nəşr edib. Çox vacib, lazımlı, həm də vaxtında nəşr olunan kitabdır. Pandemiya dövründə evə və özünə qapanıb dünyanın gələcəyi haqqında suallara cavab axtaranlar üçün də kitabda çoxlu ipucu var.

Kitabı oxuduqca bəşəriyyətin gələcəyindən narahatlıq, qorxu və xof adamı bürüyür. Amma müəllifin nikbin çalarlar axtarması, qorxuducu çağırışların yarada biləcəyi fürsətlərdən birlikdə faydalanmağın mümkünlüyü barədə düşünməsi, gələcəyə təsir göstərmə gücünə sahib olmağımıza dair fikirləri gərginliyə bir az su səpir.

Dördüncü sənaye inqilabının bizi hara apardığını tam şəkildə bildiyimizi iddia etməyin sadəlöhvlük olduğunu deyən müəllif qorxu və qeyri-müəyyənliyin bəşəri iflic vəziyyətə salmasına qarşı çıxır, gələcəyin bizim bacarığımızdan asılı olduğunu vurğulayır, yollar arayır.

Kitabda yeni texnoloğiyaların , mürəkkəb innovasiya və inqilabi dəyişikliklərin həyat standartlarımıza və rifahımıza göstərəcəyi müsbət və mənfi dəyişikliklərdən bəhs olunur, hökumətlərdən, şirkətlərdən tutmuş sıravi insanlaracan hər kəsin məsuliyyəti önə çəkilir, dəyişən dünyaya uyğunlaşmalarının, mürəkkəb innovasiyalara çevik reaksiyalarının vacibliyi qabardılır. Müəllif texnoloğiyaların beynəlxalq təhlükəsizliyi kökündən dəyişdirəcəyini qeyd edir, münaqişə və müharibələrin yeni təbiətindən, biokimyəvi silahlardan, “havadan ötürülən dizayner viruslar, süni yolla istehsal olunan dayanıqlı bakteriyalar, genetikası dəyişdirilmiş epidemiyalar”dan söz açır. İnsan münasibətlərinin yeni formaları, ömrün uzanmasının gətirəcəyi fəsadlar, xatirələrin seçilib beyindən çıxarılması, dizayn edilmiş körpələr..., qorxu, həyəcan yaradan bu kimi mövzulara müəllifin soyuqqanlı baxışı oxucunu da bu ətrafda düşünməyə vadar edir.

Bəşəriyyətdə ciddi narahatlıq doğuran məsələ ilə bağlı belə vacib bir kitabı tərcümə və nəşr edənlərə, təşəbbüskarlara minnətdarlığımı bildirirəm. Kitabın tərcüməçiləri Elşən Bağırzadə və Təhmasib Əlizadə, tərcümənin elmi redaktoru professor Ədalət Muradov, Ön sözün müəllifi İqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

Məncə, indiki şəraiti dərk etmək baxımından bu mövzuda kitabların çapı vacib və gərəklidir.

P.S. Kitab müəllifin maraqlı müşahidələri və müxtəlif şəxsiyyətlərdən gətirdiyi düşündürücü sitatlarla zəngindir. Beynimdə ilişib qalan bir sitatı xatırlatmadan keçə bilmirəm. Müəllif informasiya ilə hədsiz yüklənmiş, ifrat sürət təzyiqi altında olan insanları xatırlayır: “...bir fasilə vermə və düşünmə üçün zamanın olmamasından şikayət edən liderlərlə tez-tez qarşılaşıram, onlar... getdikcə yüksələn bir yorğunluq halında görünürlər. O qədər çox təzyiq altındadırlar ki, yaşadıqları məyusluqlar... bəzən ümidsizliyə çevrilir...”

Bunun ardınca isə səyahət yazarı Piko Ayvayerdən sitat gətirir: “...Sürət dövründə yavaş getməkdən daha əyləncəli, həyəcanverici heç nə ola bilməz. Diqqətin yayınması dövründə diqqət ayıra bilmək qədər dəbdəbəli heç nə yoxdur. Daimi hərəkət zamanında səssiz, sakit oturmaq qədər vacib heç nə ola bilməz”.

Rəşad Məcid
"525-ci qəzet"in baş redaktoru

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay