UNEC-də “Heydər Əliyev İli” münasibətilə təsdiq edilmiş “Oxu mədəniyyəti” çərçivəsində Maliyyə və Mühasibat fakültəsinin, Kitabxana İnformasiya Mərkəzinin əməkdaşlarının, eləcə də, Maliyyə və mühasibat fakültəsi tələbələrinin iştirakı ilə “Heydər Əliyev irsi: 100 müzakirə” adlı növbəti tədbir keçirilib.
Tədbiri giriş sözü ilə UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva açaraq, UNEC-də “Oxu mədəniyyəti” Tədbirlər Planının qəbul olunmasının məqsədləri haqqında tələbələrə məlumat verib. Adilə Abdullayeva diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanın müasir iqtisadi inkişaf strategiyasının banisidir və ölkəmizin dünya arenasında böyük uğurlar qazanmasında onun əvəzsiz xidmətləri vardır.
Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev çıxış edərək qeyd edib ki, 2023-cü ilin Heydər Əliyev ili elan edilməsi ilə əlaqədar keçirilən silsilə tədbirlərin başlıca məqsədlərindən biri Heydər Əliyev irsinin tələbələrə aşılanmasıdır və əminliklə deyə bilərəm ki, görülən işlər böyük maraqla qarşılanır. Tədbirdə həmçinin Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində bu dahi şəxsiyyətin həyat yoluna yenidən nəzər salınmasına və ölkəmizin inkişafı naminə göstərdiyi xidmətlərin gənc nəslə çatdırılmasında böyük əhəmiyyət kəsb etdiyi bildirilib.
UNEC-in professoru Elnur Sadıqov geniş məruzə ilə çıxış edərək Ulu öndərin keçdiyi şərəfli həyat yolu və tarixin müxtəlif dövrlərində Azərbaycanın inkişafı naminə göstərdiyi misilsiz xidmətlərdən söz açıb. Elnur Sadıqov Heydər Əliyevin SSRİ-nin yüksək idarəçiliyində təmsil olunmasının, hələ o dövrlərdə Azərbaycanın bir çox bəlalardan qorunmasında böyük rolu olduğunu diqqətə çatdırıb.
Əsaslı kitabxananın müdiri Nəzifə Bəxtiyarova Ulu öndərin keçdiyi şərəfli həyat yolunun hər bir azərbaycanlı üçün nümunə olduğunu qeyd edərək Heydər Əliyev irsinin təbliğinə xidmət edən tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rol oynadığını vurğulayıb.
Əsaslı kitabxananın müdir müavini Yusif Musayev Heydər Əliyevin iqtisadi siyasətinin Azərbaycana bir sıra dividentlər gətirdiyini qeyd edərək, ölkəmizin iqtisadi inkişafında UNEC məzunlarının mühüm rol oynadığını bildirib.
Çıxışların ardınca tədbir tələbə və əməkdaşların qarşılıqlı müzakirəsi şəraitində davam edib.