A

UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsi “Şəhərsalma və Memarlıq İli”nə töhfə olaraq, universitetin əsas tədris binasının çoxəsrlik tarixindən bəhs edən geniş videoçarx hazırlayıb.

Bakının mərkəzində, İstiqlaliyyət küçəsinin simasına xüsusi əzəmət qatan bu nadir memarlıq incisi video materialda sadəcə bir elm ocağı deyil, həm də tarixin müxtəlif dönəmlərinə şahidlik edən canlı salnamə kimi təqdim olunur.

Binanın tarixi 1901-ci ildə, memar Dmitri Buynovun layihəsi və o dövrün baş memarı İosif Qoslavskinin peşəkar toxunuşları ilə Bakı Real Məktəbinin inşasından başlayır. İtaliya intibahı üslubunda ucaldılan bu möhtəşəm tikilinin ərsəyə gəlməsində milli xeyriyyəçilik ənənələri müstəsna rol oynayıb. Belə ki, binanın inşasına Hacı Zeynalabdin Tağıyev 38 min rubl, sonradan ehtiyac yaranan üçüncü mərtəbənin tikintisinə isə Ağa Musa Nağıyev 25 min rubl vəsait ayırıb. Musa Nağıyevin binada müsəlman uşaqlarının təhsili və gənc yaşda vəfat edən oğlu Ağa İsmayılın xatirəsinin yaşadılması ilə bağlı mənəvi arzusu bu gün universitetin akt zalında asılan portretlərlə öz tarixi yerini tapıb.

1905-ci ildə istifadəyə verildiyi gündən çoxfunksiyalı təhsil kompleksi kimi fəaliyyət göstərən bina, müxtəlif illərdə hərbi kazarmadan Abdulla Şaiqin rəhbərlik etdiyi "Nümunə məktəbi"nə qədər fərqli talelər yaşayıb. Yalnız 1966-cı ildən etibarən rəsmi olaraq indiki UNEC-ə verilən bu abidə, 2010-cu ildə aparılan əsaslı yenidənqurma və mansard tipli dördüncü mərtəbənin inşası ilə yeni görkəm qazanıb.

Hazırda bir əsrlik memarlıq ənənələrini müasir təhsil modeli ilə uğurla birləşdirən bu bina, minlərlə gəncin gələcəyini işıqlandıran bir elm məbədi kimi fəaliyyətini davam etdirir.

TOP XƏBƏRLƏR