Rəqəmsal İqtisadiyyat fakültəsində 9 Noyabr - Bayraq Günü ilə əlaqədar “Üç rəngli bayrağınla məsud yaşa, qalib Azərbaycan!” mövzusunda seminar keçirilib.
Seminarda fakültə dekanı dosent Elman Cəfərov və Humanitar fənlər kafedrasının məsləhətçi professoru Hidayət Cəfərov çıxış edərək, bildiriblər ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin iclasında qəbul edilib və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət bayrağı milli müstəqilliyin simvolu kimi ölkənin dövlətçilik rəmzlərindən birinə çevrilib. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə noyabrın 9-u Dövlət Bayrağı günü kimi təsis olunub. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində Azərbaycanın üçrəngli bayrağı dünyanın ən aparıcı tribunalarında, eləcə də ölkəmizin bütün ərazilərində qürurla dalğalanır.